Azərbaycanda peşə hazırlığına cəlb edilənlərin 60 faizindən çoxu qadınlardır.
Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında bildirib ki, aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığıdır:
"2025-ci ildə 18 mindən çox vətəndaşımız peşə hazırlığına cəlb edilib. Həmin 18 min vətəndaşın 11 mini xanımlardır. Hazırda əmək bazarında ən çox tələb olunan 175 prioritet peşə və ixtisas əsas götürülüb. Həmin peşələr agentliyin müxtəlif regionlarda fəaliyyət göstərən peşə hazırlıq mərkəzlərində tədris edilir. Həmçinin əməkdaşlıq etdiyimiz özəl müəssisələri də peşə hazırlığına cəlb edirik. Əməkdaşlıq etdiyimiz özəl müəssisələrin sayı hazırda 180-dir", - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.
Aktiv məşğulluq tədbirlərindən biri olan işədüzəltmə ilə əlaqədar H.Abbasov bildirib ki, işlə təmin olunma prosesi Dövlət Məşğulluq Agentliyinin regional filiallarında, DOST Mərkəzlərində həyata keçirilir:
"Vətəndaş işədüzəltmə ilə bağlı müvafiq qurumlara müraciət edir və bu zaman ilk növbədə, onun məşğulluq imkanları dəyərləndirilir. Bundan sonra vətəndaş üçün fərdi məşğulluq proqramı hazırlanır. Əgər o, şərtləri ödəyirsə, bu zaman göndəriş formalaşır".
O bildirib ki, sosial tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vətəndaşların işə götürülməsini təmin edilir: "Bunun nəticəsidir ki, 2025-ci ildə 189 mindən çox vətəndaşımız işlə təmin edilib. 16 min 827-dən çox vətəndaşımız isə özünəməşğulluq proqramı ilə əhatə olunub. Proqram 32 istiqamət üzrə zərflə əhatə edilib".
2026-cı ildə görüləcək işlər barədə danışan İdarə Heyətinin sədri qeyd edib ki, bu il məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik:
"Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib".

Agentliyin sədri, həmçinin 2025- ci ildə 218 əmək yarmarkasının təşkil edildiyini bildirib. O, yarmarkalarda 2200-dən çox işəgötürənin 18 mindən çox vakansiya ilə iştirak etdiyini diqqətə çatdırıb.
Agentliyin sədri həmçinin qeyd edib ki, əmək bazarı dinamik bir mühitdir - bazarın tələbinə uyğun olaraq, peşə və ixtisasların sayı artırıla bilər.
O bildirib ki, Agentliyin informasiya texnologiyaları istiqamətində tədris etdiyi kifayət qədər peşələr var: "Həmin peşələrin içərisində süni intellekt istiqamətinə yönləndirmələr də var. İlk növbədə, Azərbaycanda süni intellekt mütəxəssisi üzrə nə qədər vakansiyanın elan edilməsini araşdırmaq lazımdır. Bəli, bu peşəyə ehtiyac var. Gələcəkdə də bununla bağlı trendlər artım üzrə gedəcək. Hətta bu yaxınlarda İlon Maskın səsləndirdiyi bəyanata görə, elektrik enerjisi təminatı güclü olan ölkələr süni intellekt sahəsində uğurlu olacaq. Azərbaycan da elektrik enerjisinə görə dünyada lider olan dövlətlərdən biridir. Bu o deməkdir ki, Azərbaycanda süni intellektlə bağlı ixtisaslara tələb durmadan artacaq. Belə olan halda, biz süni intellekti özündə ehtiva edən peşələri kurslarımıza daxil edəcəyik".
İşğaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaşımız işlə təmin olunduğunu deyən Hasil Abbasov 742 nəfərin isə məşğulluq proqramlarına cəlb edildiyini vurğulayıb.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımızın 58 faizi dövlət, 42 faizi isə özəl sektorda çalışmaqdadır. Peşə hazırlığına cəlb edilən vətəndaşların sayı isə 360-a çatır. 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 18 əmək yarmarkası da təşkil edilib.