Son günlər rejissor və aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı sosial şəbəkələrdə geniş müzakirə olunur. TikTok, Facebook və digər platformalarda istifadəçilər reklam çarxında səsləndirilən mesajı plastik estetik əməliyyatlarla əlaqələndirərək müxtəlif fikirlər irəli sürürlər. Bir qisim izləyici bunu uğurlu yumor nümunəsi hesab etsə də, digərləri reklamın qadınların görünüşünə münasibət baxımından yanlış mesaj verdiyini düşünür.
Yaranan ictimai reaksiyanın səbəblərini Yurd.Media-ya şərh edən klinik psixoloq Fuad Əsədov hesab edir ki, cəmiyyətin hər hansı bir mövzuya emosional və kəskin reaksiya verməsi çox vaxt həmin hadisənin özündən deyil, cəmiyyətdə əvvəldən mövcud olan həll edilməmiş problemlərdən qaynaqlanır.
Psixoloqun sözlərinə görə, kollektiv travmalar müxtəlif ölkələrdə eyni hadisəyə fərqli reaksiyaların yaranmasına səbəb olur. O, nümunə kimi ABŞ-da qaradərili insanlara qarşı işlədilən bəzi ifadələrin tarixi diskriminasiya səbəbindən həssas qəbul edildiyini göstərir. Halbuki həmin ifadələr başqa cəmiyyətlərdə eyni emosional yük daşımaya bilər. Eyni vəziyyət Avropada Adolf Hitler mövzusuna münasibətdə də müşahidə olunur. Tarixi travmalar səbəbindən bu mövzu Almaniyada son dərəcə həssas qarşılanır, Azərbaycanda və bəzi qonşu ölkələrdə isə eyni müqayisələr adətən bu qədər sərt reaksiya doğurmur.
Fuad Əsədov hesab edir ki, Taleh Yüzbəyovun reklamına yönələn reaksiyaları da məhz bu kontekstdə qiymətləndirmək lazımdır.
Onun fikrincə, Azərbaycanda qadınların hüquqları ilə bağlı problemlər tam aradan qalxmayıb. Psixoloji, fiziki və sosial zorakılıq halları, bəzi bölgələrdə qızların təhsil hüququnun məhdudlaşdırılması, həyatları ilə bağlı qərarları müstəqil vermək imkanlarının əlindən alınması kimi problemlər cəmiyyətin müəyyən hissəsində hələ də mövcuddur. Psixoloq vurğulayır ki, bu hallar bütün ailələrə aid olmasa da, onların mövcudluğu inkaredilməzdir.
psixoloq Fuad ƏsədovMəhz buna görə, onun fikrincə, geniş auditoriyaya təsir imkanına malik ictimai şəxslər və reklam müəllifləri hazırladıqları mesajların cəmiyyətin müxtəlif təbəqələri tərəfindən necə qəbul ediləcəyini də nəzərə almalıdırlar. Çünki yaradıcı niyyətlə hazırlanmış bir mesaj başqa kontekstdə fərqli məna qazana və insanların həyatına dolayısı ilə təsir göstərə bilər.
Fuad Əsədov bildirir ki, reklam ətrafında yaranan narazılığın əsas səbəbi də məhz müəlliflərin mümkün sosial nəticələri kifayət qədər nəzərə almaması barədə düşüncələrdir. Onun sözlərinə görə, insanlar reklamın müəlliflərini məsuliyyətsizlikdə ittiham edərkən əsas arqument kimi "belə bir mesajın hansı nəticələrə səbəb ola biləcəyini əvvəlcədən düşünmək olardı" fikrini səsləndirirlər.
Psixoloq bunu konkret nümunə ilə izah edir. O deyir ki, burnunun görünüşündən narazı olan və estetik əməliyyat etdirmək istəyən bir qadın ailəsini buna razı salmaq üçün uzun müddət mübarizə aparmış ola bilər. Belə bir vaxtda məşhur bir aktyor və ya rejissorun hazırladığı reklam çarxı həmin ailə tərəfindən arqument kimi istifadə edilə və nəticədə qadına qarşı təzyiqi daha da artıra bilər. Yəni reklamın birbaşa məqsədi bu olmasa belə, onun yaratdığı ictimai təsir müəyyən insanlar üçün real problemlərə çevrilə bilər.
Fuad Əsədov vurğulayır ki, hər bir insanın nəyisə bəyənmək və ya bəyənməmək hüququ var. Lakin bu münasibət elə formada təqdim edilməməlidir ki, bir seçim doğru, digər seçim isə yanlış kimi qəbul olunsun. Onun qənaətincə, cəmiyyətdə əvvəlcədən mövcud olan sosial problemlərin üzərinə yanlış anlaşılmağa açıq mesaj əlavə edildikdə, nəticədə daha böyük qəzəb və ictimai narazılıq yaranır.
Mütəxəssisin fikrincə, Taleh Yüzbəyovun reklamı ətrafında yaranan müzakirələr əslində təkcə bir reklam çarxı ilə bağlı deyil. Bu müzakirələr cəmiyyətin gender bərabərliyi, qadın hüquqları, estetik standartlar və ictimai məsuliyyət kimi mövzulara münasibətini də üzə çıxarır.
Qeyd edək ki, son illər Azərbaycanda plastik estetik əməliyyatlara maraq artıb. Bu sahəyə müraciət edənlər arasında kişilərin də sayının artdığı bildirilir. Belə bir şəraitdə görünüş və estetik müdaxilələrlə bağlı ictimai mesajların daha həssas qarşılanması müzakirələrin geniş rezonans doğurmasını şərtləndirən amillərdən biri kimi qiymətləndirilə bilər.