Ağcabədidə mülki şəxs heyvan otararkən erməni gülləsinə tuş gəlib əmək qabiliyyətini itirsə də, əlillik dərəcəsi ala bilmir.
Yurd.Media xəbər verir ki, Ağcabədi rayon sakini Azər Hacıyevin oğlu Rahim Hacıyev 2018-ci ildə mal otararkən erməni snayperi tərəfindən güllə yarası alıb. Güllə onun ağciyərini zədələyib və onurğa sütununun üzərində qalıb. Yaralanmadan sonra dərhal xəstəxanaya yerləşdirilən və əməliyyat olunan Rahimin səhhətində hələ də ciddi problemlər qalmaqdadır.
Rahimin atası Azər Hacıyev "İctimai TV"yə bildirib ki, güllə bədənin olduqca riskli hissəsində yerləşdiyindən, həkimlər onun çıxarılmasının həyati təhlükə doğura biləcəyini əsas gətirərək əməliyyatdan imtina ediblər:
“Qızıl Aypara vasitəsilə xarici həkimlərə də müraciət etdik, lakin əməliyyatın riskli olması səbəbindən icazə verilmədi,” – deyə o qeyd edib.
Hazırda iki azyaşlı övladı olan Rahim Hacıyev müalicəsini davam etdirmək üçün Rusiyadadır. Atasının sözlərinə görə, aldığı yara nəticəsində əmək qabiliyyətini tamamilə itirib:
“Dövlətin özünəməşğulluq proqramına qoşuldu və ona üç baş mal verildi. Qızıl Ayparanın dəstəyi ilə avtomobil də alındı, çünki piyada cəmi 3 kilometr yol gedə bilir,” – deyə Azər Hacıyev bildirib.
Rahim Hacıyev əlillik dərəcəsinin təyin olunması üçün aidiyyəti orqanlara müraciət etsə də, hələlik cavab ala bilməyib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sorğuya cavab olaraq bildirib ki, son üç il ərzində Rahim Hacıyevlə bağlı tibb müəssisəsi forma 88 sənədini təqdim etməyib. Bu sənəd təqdim edilmədiyi halda isə əlilliyin qiymətləndirilməsi mümkün deyil.
Agentlikdən verilən açıqlamaya görə, vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsinə yaxınlaşmalı və forma 88-in tərtib olunmasını təmin etməlidir. Sənəd rəsmiləşdirildikdən sonra, əlillik dərəcəsinin qiymətləndirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək.