SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Əmək bazarında yaş, cins ayrı-seçkiliyi: Yaşa görə işdən uzaqlaşdırmalar artır

Əmək bazarında yaş, cins ayrı-seçkiliyi: Yaşa görə işdən uzaqlaşdırmalar artır

İşçi qüvvəsinin çox olması işəgötürənlərə sərbəst seçim imkanı verir.

Yurd.Media xəbər verir ki, bunu "Baku TV"yə açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.

O bildirib ki, bəzən hətta dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda belə ayrı-seçkilik hallarına rast gəlinir. Onun sözlərinə görə, bunun səbəblərindən biri əmək bazarında işçi qüvvəsinin çox olması və bu səbəbdən işəgötürənlərin daha sərbəst seçim imkanına malik olmalarıdır. Lakin bu cür hallar məsuliyyət yaradır və qarşısının alınması üçün tədbirlər görülməlidir.

Əksər hallarda işəgötürənlər namizədlərin yaşı və cinsinə əsaslanaraq seçim edirlər. Halbuki əsas meyar kimi işçinin təcrübəsinə və peşəkarlığına qiymət verilməlidir.

Müəyyən şirkət rəhbərləri tərəfindən gənc qadınlara üstünlük verildiyi, digər namizədlərə isə eyni dərəcədə önəm göstərilmədiyi müşahidə olunur. Bu hallar iş elanlarında da öz əksini tapır. Vakansiyalara nəzər saldıqda, işəgötürənlərin əksəriyyətinin yaş və cins məhdudiyyətləri qoyduğu açıq-aşkar görünür.

Eyni zamanda, iş yerlərində müxtəlif səbəblərdən əmək müqavilələrinə xitam verilərkən də orta yaşlı şəxslərə qarşı ayrı-seçkilik halları müşahidə edilir. Bu isə həmin şəxslərin pensiya yaşına çatmamış maddi çətinliklərlə üzləşməsinə və gələcək pensiya təminatının sual altına düşməsinə səbəb olur.

Ekspertlər vurğulayırlar ki, əmək münasibətlərində ayrı-seçkilik Konstitusiyanın 25-ci və Əmək Məcəlləsinin 16-cı maddələrinin tələblərinə ziddir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, belə hallara yol verən işəgötürənlər qanun qarşısında məsuliyyət daşıyırlar.

Dövlət Əmək Müfəttişliyi Xidməti-nin əməkdaşı Solmaz Ələkbərova bildirib ki, qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşməyən müəssisələrdə isə işəgötürən tərəfindən birtərəfli qaydada yaş məhdudiyyəti tətbiq edilməsi və ya bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi qanunla qadağandır.

İşəgötürənlər vakansiya elan edərkən yalnız işin xarakterinə uyğun tələblər müəyyən edə bilərlər. Lakin əmək münasibətlərində yaş, cins və işgüzar keyfiyyətlərlə əlaqəsi olmayan digər amillərə əsaslanaraq ayrı-seçkilik edilməsi, bu amillər üzrə imtiyaz və güzəştlərin tətbiqi, eləcə də hüquqların məhdudlaşdırılması qəti qadağandır.

Nazirlik həmçinin qeyd edib ki, özünüməşğulluq proqramının icrası zamanı pensiya yaşına iki ildən az müddət qalmış işsiz şəxslərə üstünlük verilir. Ümumilikdə isə işsiz və işaxtaran şəxslər müraciətləri əsasında məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Eyni zamanda, iş yerini itirən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş hallarda işsizlikdən sığorta ödənişi ilə təmin olunurlar.