SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Əlilliyi olan şəxslərin reabilitasiyası: Dövlət hansı xidmətləri təqdim edir?

Əlilliyi olan şəxslərin reabilitasiyası: Dövlət hansı xidmətləri təqdim edir?

Son illər ölkədə əlilliyi olan şəxslərə xüsusi diqqət göstərilir. Onlara yalnız maddi deyil, həm də psixoloji və sosial dəstək verilir, müxtəlif reabilitasiya xidmətlərinə çıxış imkanı yaradılır. Bu tədbirlər həmin şəxslərin cəmiyyətə daha aktiv inteqrasiyası, müstəqil həyat tərzinə qovuşması və öz potensiallarını inkişaf etdirməsi məqsədi daşıyır.

Bu çərçivədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həm uşaqlar, həm də böyüklər üçün reabilitasiya müəssiələri yaradıb. Bu müəssisələrdə vətəndaşlar həm tibbi , həm də sosial-psixoloji reabilitasiya xidmətlərindən yararlana bilirlər.

Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat Abasbəyli Yurd.Media-ya bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən reabilitasiya müəssisələrində fərdi reabilitasiya planına uyğun tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir:

"Əlilliyi olan şəxslərə mərkəzlərdə onların diaqnozuna uyğun olaraq elektroterapiya, elektrostimulyasiya, lazer terapiyası, soyuq-isti tətbiqi, fonoforez, maqnitoterapiya, mexanoterapiya, kinezioterapiya, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, hidroterapiya tətbiq olunur", – şöbə müdiri vurğulayıb.

Onun sözlərinə görə, eyni zamanda bu həssas qrupun daha rahat cəmiyyətə inteqrasiyası üçün sosial-psixoloji reabilitasiya da göstərilir.

"Bunun üçün əlilliyi olan şəxslərə psixoloji konsultasiya, korreksiya və psixoterapiya, əmək terapiyası, loqopedik xidmətlər, sosial-pedaqoji və maarifləndirmə tədbirləri keçirilir. Əlavə olaraq sensor inteqrasiya və koqnitiv məşğələlər və mədəni-kütləvi tədbirlər təşkil olunur", – N. Abasbəyli bildirib.

Onu da qeyd edək ki, tibbi reabilitasiya xidmətləri hər kəs üçün tövsiyə edilmir, bəzi diaqnozlu şəxslər üçün əks göstərişlər ola bilər. Lakin həmin şəxslər müəssisələrdə göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərindən yararlana bilərlər.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat AbasbəyliDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat Abasbəyli

N.Abasbəyli qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 149 nömrəli qərarının 5.5-ci bəndinə əsasən, reabilitasiya xidmətinə əks göstəriş sayılan hallar kəskin və yarımkəskin mərhələdə olan xəstəliklər, dekompensasiya və tez-tez kəskinləşməyə meyilli ruhi xəstəliklər, fəal fazada olan bədxassəli şişlər, kaxeksiya və geniş yataq yaraları, irinli-nekrotik və yoluxucu xəstəliklər və zöhrəvi xəstəliklərdir.

Onun sözlərinə görə, əlilliyi olan şəxslər reabilitasiya xidmətindən yararlanmaq üçün yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər:

"Bununla onlar Tibbi-Sosial Ekspertiza Komissiyasına müraciət edib, istədikləri mərkəzdə yer rezerv edə bilərlər. Bundan əlavə, ambulator xidmətlər üçün birbaşa reabilitasiya müəssisələrinə də müraciət etmək mümkündür".

Şöbə müdiri söyləyib ki, əgər əlilliyi olan şəxsin diaqnozu əks göstəriş deyilsə o zaman bir neçə formada reabilitasiya xidmətlərindən yararlana bilər:

“Stasionar xidmətlə yanaşı, əlilliyi olan şəxslərə digər formalarda da reabilitasiya xidmətləri göstərilir. Bunlar ambulator, telereabilitasiya və səyyar xidmətlərdir. Ambulator xidmət göstərilən zaman əlilliyi olan şəxs gündəlik olaraq mərkəzlərə gəlir və təyin olunmuş prosedurları keçdikdən sonra mərkəzi tərk edir. Telereabilitasiya, əsasən, müəssisələrə gəlməkdə çətinlik çəkən şəxslərə göstərilir, eyni zamanda evdə reabilitasiyanın davamlılığının təmini məqsədilə tətbiq edilir. Səyyar xidmət isə hərəkət məhdudiyyəti olan, evdən çıxmaqdan çətinlik çəkən əlilliyi olan şəxslərə öz evlərində reabilitasiya xidmətlərinin göstərilməsidir. Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin "142 Çağrı Mərkəzi"nə, eləcə də DOST Mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası şəxsin yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirməsini aparır.

Səyyar xidmətin əsas məqsədi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxslərə evdə reabilitasiya xidmətinin göstərilməsi, reabilitasiya xidmətlərinə əlçatanlılığın artırılması, həmçinin, reabilitasiya prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsidir”.

Prime Leasing