DİQQƏT: Sosial şəbəkələrdə yeni dələduzluq sxemi – bu dəfə hədəfdə xanımlardır

DİQQƏT: Sosial şəbəkələrdə yeni dələduzluq sxemi – bu dəfə hədəfdə xanımlardır

Son zamanlar Azərbaycanda bir çox insan, xüsusilə də xanımlar, sosial şəbəkələr vasitəsilə həyata keçirilən ağıllı dələduzluq sxemlərinin qurbanına çevrilir.

Yurd.Media əməkdaşı Nərgiz Malik dələduzluq sxemlərindən birini əvvəlindən axırına kimi araşdırıb, detalları ilə təqdim edir:

Əvvəlcə, ondan başlayaq ki, Facebook sosial şəbəkəsində əcnəbi bir şəxs mənimlə əlaqə qurmağa başladı. O özünü Britaniyada çalışan həkim kimi təqdim etdi. İlk baxışdan maraqlı və nəzakətli biri təsiri bağışlayırdı. Lakin tezliklə onun profilində şübhəli detallar ortaya çıxdı: profil cəmi 6 ay əvvəl yaradılmışdı, dostları yox idi, fotoları isə xeyli maraqlı, amma real görünmürdü.

Söhbətlərimiz bir neçə gün davam etdi. Hər gün eyni suallar, eyni cümlələrlə mənim günüm barədə maraqlanırdı. Bu isə artıq süni diqqət və emosional manipulyasiya əlaməti idi. Bir müddət sonra isə əsas hissə başladı: o mənə guya dəyərli hədiyyələr göndərmək istədiyini söylədi – içində qızıl zinət əşyaları, bahalı saat və 60,000 funt sterlinq olan bir çanta. Hətta həmin bağlamanın şəkillərini belə atdı və bildirdi ki, onu kargo şirkətinə təhvil verdi.

Bir neçə gün sonra, guya Heydər Əliyev hava limanının gömrük xidmətindən mənə mesaj gəldi – xarici nömrədən! Bildirildi ki, bağlamanın alınması üçün 1360 manat gömrük rüsumu ödənilməlidir. Bu zaman məndən bank kartına pul köçürmək tələb olundu və qəbzi göndərməmi istədilər. “Bağlama rəsmi bəyan olunubmu?”, “Azərbaycanda rəsmi SMS niyə gəlməyib?” kimi suallarıma onların cavabı qeyri-müəyyən və tələsdirici oldu: “Ödə, sonra təhvil verəcəyik.”

Eyni zamanda həmin “həkim” şəxsi təzyiq göstərməyə başladı: “Pul tap, ödə, içindəki puldan istədiyini götürərsən...” Mən isə ona açıq şəkildə bildirdim ki, artıq bu işdən şübhələnirəm və məsələ barədə Azərbaycan polis orqanlarını məlumatlandıracağam. Bundan sonra həm xarici nömrələr, həm də o şəxs tərəfindən əlaqə tamamilə kəsildi.

Beləliklə, dələduzlar emosional zəiflikdən istifadə edərək qadınları aldadır, hədiyyə və sevgi təklifləri ilə özlərinə yaxınlaşdırırlar. Lakin məqsədləri sadəcə pulu mənimsəməkdir.

Belə tələnin qurbanı olmamaq üçün nə etmək lazımdır?

- Sosial şəbəkədə tanımadığınız şəxslərlə ehtiyatla davranın.

- Onların profilini diqqətlə araşdırın: nə qədər əvvəl yaradılıb, dostları varmı, real görsənirmi?

- Heç bir halda xarici nömrədən gələn zənglərə, mesajlara pul göndərməyin!

Rəsmi gömrük prosesi yalnız “Smart Customs” tətbiqi vasitəsilə həyata keçirilir. Əgər SMS gəlməyibsə, bu, çox güman ki, fırıldaqçılıqdır.

Ən əsası isə - pulsuz pendir yalnız tələdə olur. Heç kim sizə durduq yerə dəyərli hədiyyə göndərmir. Bu sadəcə sizi toruna salmaq üçün uydurulmuş bir oyundur.