SÜJET
Son bir neçə il ərzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən ucqar kəndlərində keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu il “Suveren dövlət, vətənpərvər gənclik” şüarı altında təşkil edilib.
Yurd.Media xəbər verir ki, ilk dəfə olaraq layihənin açılışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Cəbrayıl şəhərində baş tutub. Açılışa Cəbrayıl və Zəngilandan olan gənclər qoşulublar.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək Səyyar Gənclər Xidmətinin ölkə gəncləri üçün əhəmiyyətini vurğulayıblar. Layihə ölkə gənclərinin maarifləndirilməsi və onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilib.
Qeyd edək ki, Səyyar Gənclər Xidməti layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin 2025-ci ilin oktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonunda ucqar kəndlərdə yaşayan minlərlə gənci əhatə etməsi planlaşdırılır.