SÜJET
2025-ci ilin ilk yarısında Ədliyyə Nazirliyinin məlumatına əsasən, ölkə üzrə icra orqanlarında 124 566 aliment işi qeydə alınıb. Respublika üzrə ən çox aliment icraatı isə Gəncə şəhəri üzrə icra idarəsinin payına düşür – burada 6398 icra sənədi qeydə alınıb.
Sosial psixoloq Lalə Mehralı bu statistikanın arxasındakı səbəblərlə bağlı Yurd.Media-ya bildirib ki, bölgələrdə gəlir səviyyəsinin aşağı olması həm ailədaxili münasibətlərə, həm də boşanmalardan sonra aliment məsələlərinə birbaşa təsir edir:
“Bölgələrdə ümumiyyətlə gəlirlə bağlı ciddi problem var və gəlir təbii olaraq az olduğuna görə, insanlar problemləri və xərcləri ödəyə bilmirlər. Belə olan halda alimentlə övladını saxlamaq məcburiyyətində olan qadınlar üçün də çətinlik yaranır. Minimum təyin olunmuş alimenti daha yüksək məbləğdə almağa çalışırlar, yəni qanunların imkan verdiyi şərtlər çərçivəsində. Əgər qanunlar imkan verirsə ki, filan məbləğə qədər artırmaq mümkündür və qarşı tərəfin də bu məbləği ödəmək imkanı varsa, bu halda bəzi şəxslər müraciət edə bilirlər”.
Lalə Mehralının fikrincə, aliment icraatlarının artması təkcə iqtisadi yox, həm də ailə institutundakı dəyişikliklərlə bağlıdır:
“Bir çox hallarda qarşı tərəf ödəmək iqtidarında olmur. İşsizlik, qeyri-stabil qazanc, xüsusilə qeyri-rəsmi işçilik bölgələrdə geniş yayılıb. Nəticədə bir tərəf alimenti ödəyə bilmir, digər tərəf isə ödənilən az məbləğlə uşağın ehtiyaclarını qarşılaya bilmir. Bu isə analar üçün həm psixoloji, həm də maddi yük yaradır.”
Ekspert vurğulayır ki, ailə təməllərinin zəifləməsi, kütləvi miqrasiya və ailədaxili zorakılıq boşanma hallarını artıran əsas faktorlardır. Amma bu boşanmaların ən çətin tərəfi, məhz alimentlərin ödənilməməsi və ya yetərli olmamasıdır:
“Əgər uşaqlar azyaşlıdırsa, ana işləyə bilmirsə və yalnız alimentlə dolanmaq məcburiyyətindədirsə, təbii olaraq bu da ciddi problemlərə səbəb olur. Aliment ödənişi məsələsi çox hallarda tərəflər arasında yeni konfliktlərə gətirib çıxarır. Biri ödəyə bilmir, digəri isə qane olmur”.
Boşanma səbəblərinə toxunan Mehralı hesab edir ki, bu qərar yalnız zorakılıq və xəyanət kimi hallarda qaçılmaz olmalıdır:
“Çox sadə səbəblər – ailədaxili anlaşmazlıqlar, soyumuş münasibətlər, ailə böyüklərinin müdaxiləsi – boşanma üçün səbəb olmamalıdır. Bu hallar əslində həllini tapa biləcək problemlərdir. Amma zorakılıq və xəyanət geriyə dönüşü olmayan hallardır və bu zaman boşanma zəruri olur”.