Xəzər rayonu Binə qəsəbəsində, Şah İsmayıl Xətai küçəsində mərkəzləşmiş kanalizasiya sisteminin olmaması ciddi problemlərə səbəb olub. Çirkab sular evlərə və həyətlərə axır, yollar keçilməz vəziyyətdədir.
Yurd.Media xəbər verir ki, qəsəbə sakinləri "Xəzər Xəbər"ə uşaqların məktəbə gedə bilmədiyini, təcili yardım maşınının belə əraziyə daxil ola bilmədiyini deyiblər.
Onların sözlərinə görə, evlərdəki suyu motorlarla çəksələr belə, kanalizasiya sistemi olmadığından su qısa zamanda yenidən toplanır.
"Əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, indiyə qədər heç bir tədbir görülməyib", - sakinlər şikayətlənir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məsələ ilə bağlı bildirib ki, həmin ərazidə qurumun mərkəzləşmiş su təchizatı sistemi mövcud deyil. Lakin hazırda müvafiq layihə sənədləri hazırlanır və tullantı su şəbəkəsinin yaradılması tədbirlər planına uyğun şəkildə həyata keçirilir.