Beyləqan rayonu Kəbirli kəndində sakinlər 1 artezian quyusuna möhtac qalıb. 70 ailə bu vasitə ilə evlərinə su aparmağa çalışır.
Yurd.Media xəbər verir ki, avtomobili olanlar uzaqdan su gətirir, olmayanlar isə artezian quyusundan əldə etməyə çalışırlar.
"Real TV"yə şikayət edən sakinlər bildiriblər ki, su dalınca 4 km məsafəyə getməyə məcbur qalırlar.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib ki, qeyd olunan ünvanda mərkəzləşmiş içməli su şəbəkəsi mövcud deyil. Artezianın sifarişi və təchizat sisteminin qurulması üçün müəyyən layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır:
"Xüsusilə diqqətə çatdıraq ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə asan xidmət, asan kommunal mərkəzlərinə o cümlədən elektron su portalına müraciət edə bilərlər".