Bakının mərkəzində yerləşən küçə niyə təmir olunmur?

Bakının mərkəzində yerləşən küçə niyə təmir olunmur?

Bakı

Bakının Səbail rayonunda yerləşən, şəhid Oqtay Daşdəmirovun adını daşıyan küçənin bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.

Yurd.Media xəbər verir ki, sakinlər Real TV-yə küçənin salındığı 1960-cı illərdən bu günə qədər əsaslı şəkildə təmir olunmadığını bildiriblər.

Onlar qeyd ediblər ki, illərdir yolun müəyyən hissələrini öz hesablarına təmir edirlər. Lakin bu, problemin köklü həllinə gətirib çıxarmayıb. Həmçinin yolun vəziyyəti nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur.

"Yolun bu vəziyyətinə görə hər iki ildən bir maşın dəyişirəm", - deyə sakinlərdən biri gileylənib. Digər bir sakin isə yay aylarında küçədəki toz-torpaqdan nəfəs almağın mümkün olmadığını bildirib. Xeyir-şər məclislərində də maşınların küçəyə daxil ola bilməməsi əlavə çətinliklər yaradır.

Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri Anar Hüseynov məsələ ilə bağlı bildirib ki, son illər ərzində rayonun müxtəlif ərazilərində 70 kilometrdən artıq yolun asfalt örtüyü yenilənib. Onun sözlərinə görə, 2025-ci ildə də mərhələli şəkildə yol təmir işləri davam etdiriləcək. Oqtay Daşdəmirov küçəsi artıq təmir olunacaq yolların siyahısına daxil edilib.

Hazırda qeyd olunan ünvan İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb və yaxın vaxtlarda təmir işlərinə başlanacağı gözlənilir. Sakinlər isə illərlə davam edən narahatlığın tezliklə aradan qalxacağına ümid edir.