Bakıda yaşanan insanlıq dramı: 150-dən çox ailə qəzalı yataqxanada ölüm təhlükəsi ilə üz-üzə

Bakıda yaşanan insanlıq dramı: 150-dən çox ailə qəzalı yataqxanada ölüm təhlükəsi ilə üz-üzə

Bakı

Bakının Nəsimi rayonunda yerləşən yataqxanada 150-dən çox ailənin həyat təhlükəsi ilə üz-üzə yaşaması ciddi narahatlıq doğurur.

Yurd.Media xəbər verir ki, Mərdanov qardaşları 119 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı binanın binada nəmişlik, divarlarda dərin çatlar, tavanda çökmələr müşahidə olunur. Döşəmə və sanitar qovşaqları tamamilə bərbad vəziyyətdədir, hamam isə ümumiyyətlə yoxdur.

Sakinlər “ATV Xəbər”ə bildirir ki, illərdir bu şəraitdə yaşamağa məcbur qalırlar.

Ən dəhşətlisi isə kanalizasiya xətlərinin tez-tez daşması nəticəsində əraziyə yayılan pis qoxudur. Yay aylarında nəmişlik və ağcaqanadların çoxalması isə insan həyatı üçün əlavə təhlükə mənbəyinə çevrilib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirib ki, binada 167 məcburi köçkün ailəsi yaşayır və bina fiziki şəxsin mülkiyyətindədir. Buna baxmayaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yalnız dam örtüyü və kanalizasiya xətlərində cari təmir işləri görülür.

Rəsmi qurumlar binanın qəzalı vəziyyətdə olduğunu qəbul etsələr də, əsaslı təmirin aparılmasını məqsədəuyğun hesab etmirlər. Bildirilir ki, sakinlərin gələcəkdə Ağdam və digər rayonlara köçürülməsi nəzərdə tutulur.