Son dövrlərdə sosial şəbəkə və birbaşa zənglərlə bəzi şirkətlər gənclərə “səni müğənni edəcəyik” vədi ilə səs yazısı göndərməyi təklif edirlər. Müraciət zamanı ilkin ödəniş tələb edilir ki, bunun əsasən səsyazma və ya qeydiyyat xərcləri adı altında alındığı bildirilir.
Belə studiyalardan biri kimi kimi özünü təqdim edən "Hyper Media" tərəfindən mərkəzə müraciət edən gənclərdən ilkin mərhələdə 20 manat ödəniş tələb olunur. Bildirilir ki, bu mərhələdə səs yazısı hazırlanır və materialın “Türkiyəyə göndəriləcəyi” deyilir.
Yurd.Media-nın araşdırması zamanı məlum olub ki, hazırkı mərhələdə şirkət tərəfindən heç bir rəsmi müqavilə və ya yazılı sənəd təqdim edilmir. Geri dönüşün yalnız səs yazısı bəyənildiyi halda ediləcəyi, əks halda isə müraciət edən şəxslə əlaqə saxlanılmayacağı bildirilib. Müqavilənin isə yalnız müsbət cavab olacağı təqdirdə imzalanacağı qeyd olunub.
Eyni zamanda, müraciət edən gənclərin ad, telefon nömrəsi, doğum tarixi kimi şəxsi məlumatlarının xüsusi forma vasitəsilə toplandığı, lakin bu məlumatların təhlükəsizliyi ilə bağlı rəsmi açıqlamanın verilmədiyi vurğulanır.
Şirkətlə əlaqə saxlayan zaman ilkin ödənişin səsyazma xidməti üçün olduğu, Türkiyəyə göndərilmə prosesi isə rəsmi prodüserin qərarından asılı olduğu bildirilib. Şirkət, nəticə ilə bağlı seçimlərin peşəkar qiymətləndirmə əsasında aparıldığını qeyd edib.