Bakıda qəzalı binalar sökülür - Əmlak bazarında qiymət artımı gözlənilir

Bakıda qəzalı binalar sökülür - Əmlak bazarında qiymət artımı gözlənilir

Bakı

Artıq istismar müddəti başa çatmış, 20-ci əsrin əvvəllərində tikilmiş və qəzalı vəziyyətdə olan binalar söküləcək.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, ilkin mərhələdə Yasamal rayonu, Azərbaycan prospekti, Çingiz Mustafayev küçəsi və digər ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü nəzərdə tutulub.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 194 istismara yararsız binanın söküntüsü ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, gələcəkdə bir deyil, altı mərkəz formalaşdırılması planlaşdırılır. Bu mərkəzlər kəndlərə və qəsəbələrə yaxın ərazilərdə yerləşəcək və həmin zonalarda infrastrukturun inkişafı, yeni binaların tikintisi, yaşıllıq sahələrinin və meydançaların salınması həyata keçiriləcək.

"Bu layihələr təkcə tikinti deyil, eyni zamanda şəhərin müasirləşməsi və abadlaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır", – deyə V.Oruc əlavə edib.

Söküntü əmlak bazarına da təsir edəcək. Ekspertlər bildirirlər ki, genişmiqyaslı söküntü işləri daşınmaz əmlak bazarında qiymət artımına səbəb olacaq. Əhali kirayə və satış bazarına üz tutduqca, xüsusilə kirayə mənzillərə tələbat artacaq. Əmlak eksperti Fərid Rüstəmov qeyd edir:

“İlk növbədə kirayə mənzillərə olan tələbat artacaq və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Ardınca yeni tikilən binalara da maraq artacaq. İnsanlar gözləmədən mənzil almağa çalışacaqlar, bu da bazarda tələbatı artıracaq və nəticədə qiymət artımı qaçılmaz olacaq”.

Mütəxəssislər hesab edirlər ki, xüsusilə Bakıətrafı qəsəbələrdə daşınmaz əmlakın qiymətində 20%-ə qədər artım baş verə bilər. Bu artım həm kirayə, həm də satış bazarına təsir edəcək. Söküntü və yenidənqurma işlərinin yaxın illərdə paytaxtın simasını dəyişəcəyi gözlənilir.