SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda əmək bazarı sahəsində ilk izahlı lüğət hazırlanıb

Azərbaycanda əmək bazarı sahəsində ilk izahlı lüğət hazırlanıb

  • 09 iyul 2026, 20:16

Azərbaycanda əmək bazarı sahəsində ilk izahlı lüğət hazırlanıb.

Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən hazırlanan “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı keçirilib.

Tədbirdə Milli Observatoriyanın rəhbər şəxsləri, kitabın rəyçiləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və müxtəlif ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Qeyd olunub ki, əmək bazarının müxtəlif istiqamətlərini əhatə edən dörd əsas bölmə üzrə hazırlanan lüğətdə Azərbaycan və ingilis dillərində 5500 terminə əsaslı izah verilib. Nəşrin əmək bazarı sahəsində vahid terminoloji bazanın formalaşdırılmasına, terminlərin düzgün anlaşılmasına və tətbiqinə, eləcə də bu sahədə çalışan mütəxəssislər, tədqiqatçılar, müəllimlər və tələbələr üçün etibarlı istinad mənbəyinin yaradılmasına xidmət etdiyi bildirilib.

Tədbirdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov, ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov, ƏƏSMN yanında İctimai Şuranın üzvü Sahib Məmmədov, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və digər qonaqlar çıxış ediblər.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsində ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və müvafiq sahədə vahid terminoloji bazanın formalaşdırılmasına xidmət edir. O, “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin hazırlanmasının zəruriliyindən danışaraq bildirib ki, son illərdə əmək bazarında baş verən sürətli dəyişikliklər, rəqəmsallaşma və yeni məşğulluq formalarının meydana çıxması bu sahədə istifadə olunan anlayışların sistemləşdirilməsini və vahid terminoloji yanaşmanın formalaşdırılmasını zəruri edib.

Elnur Səfərli qeyd edib ki, təqdim olunan nəşr Azərbaycanda əmək bazarı sahəsində hazırlanmış ilk izahlı lüğət olmaqla mühüm elmi və praktik əhəmiyyət daşıyır. Lüğətdə əmək bazarı, məşğulluq, sosial müdafiə, insan resurslarının idarəedilməsi, peşə təsnifatları və digər istiqamətlər üzrə geniş istifadə olunan terminlər izahlı şəkildə təqdim olunub.

Onun sözlərinə görə, nəşrin əsas məqsədi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində, tədqiqat mərkəzlərində və əmək bazarı üzrə fəaliyyət göstərən mütəxəssislər arasında vahid terminoloji bazanın formalaşdırılmasına töhfə verməkdir. O vurğulayıb ki, lüğət müvafiq sahədə terminoloji pərakəndəliyin aradan qaldırılmasına, anlayışların eyni məzmunda tətbiqinə və elmi-praktik fəaliyyətin daha səmərəli təşkilinə xidmət edəcək.

İdarə Heyətinin sədri əlavə edib ki, bu nəşr yalnız mütəxəssislər üçün deyil, həm də tələbələr, tədqiqatçılar və əmək bazarı ilə maraqlanan geniş oxucu auditoriyası üçün etibarlı istinad mənbəyi olacaq.

Çıxışlarda “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına, terminoloji vahidliyin təmin edilməsinə, müxtəlif anlayışların düzgün başa düşülməsinə və onlardan düzgün istifadəyə mühüm töhfə verəcəyi vurğulanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları