SÜJET
“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB-ə üzvü olan şirkətlərlə görüş keçirilib.
Bu barədə Yurd.Media-ya Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan məlumat verilib.
Bildirilib ki, Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Birliyə üzv olan bir çox şirkətin nümayəndələri iştirak ediblər.
Birliyin üzvlərinə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, hazırda layihənin əhatə dairəsi 5 mindən artıq işçini ötüb.
İlkin mərhələdə 5-i dövlət, 7-si özəl sektor olmaqla, ümumilikdə 12 müəssisədə əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin təşviqi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.
Layihə çərçivəsində iş yerlərinə “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində müəssisələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım edilib. Habelə əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətin qiymətləndirilməsi aparılıb, qiymətləndirmə nəticəsində mövcud çatışmazlıqlar aşkar edilərək, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təşkil edilib.
Təqdimatda layihənin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi, ötən il 3 beynəlxalq mükafata layiq görüldüyü diqqətə çatdırılıb. “DOST Müfəttiş” layihəsi Azərbaycanda əmək münasibətlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində yeni və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.