Albert Aqarunovun xatirəsi anılıb

Albert Aqarunovun xatirəsi anılıb

  • 25 aprel 2025, 13:34
Bakı

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Yurd.Media xəbər verir ki, anım mərasimində qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Dağ Yəhudilər İcmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər iştirakçılar əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanın dünyada dini müxtəlifliyin harmoniyasını özündə əks etdirən dövlət olduğunu qeyd edib. Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, Aqarunovun batalyon komandiri Albertin anım tədbirlərinin hər il olduğu kimi, bu il də təntənəli şəkildə təşkil edildiyini vurğulayıb.

Albert Aqarunovun qardaşı Rantik Aqarunov Alberti unutmadıqlarına, onu xatırladıqlarına görə Azərbaycan xalqına təşəkkürünü bildirib. “Hər il onu yad edənlərin sayı artır. Biz 8 qardaş olmuşuq. Ən kiçiyimiz Albert idi. Şən insan idi, Vətənini çox sevirdi. Elə bu Vətən uğrunda da həlak oldu".