Qubada kənd təsərrüfatına ciddi ziyan dəyib.
Quba rayonu Yalavanc kəndində güclü yağışdan sonra sel suları ağır fəsadlara yol açıb.
Yurd.Media xəbər verir ki, "ATV"yə şikayətlə müraciət edən fermerlər taxıl, tərəvəz və otlaq sahələrinin su altında qaldığını bildirib.
Həmçinin fermerlər deyib ki, 10 hektardan az sahəsi olan insanlar torpaqlarını sığorta edə bilmir.
Problem ondan ibarətdir ki, kənddəki torpaqların az hissəsi sığortalanıb və buna görə də kəndlilərə dəyən ziyanın əksər hissəsi qarşılanmır.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Tarverdi İsmayılov bildirib ki, təbii fəlakətlərdən qorunmaq üçün əkin sahələrinin vaxtında sığortalanması vacibdir.
Kənd təsərrüfatı üzrə mütəxəssislər qeyd edib ki, Yalavanc kəndi dəniz kənarında, şoran torpaqlarda yerləşdiyi üçün suyun uzun müddət qalması bütün təsərrüfatlara mənfi təsir göstərəcək. Taxıl sahələrində saralma olacaq, məhsuldarlıq aşağı düşəcək, otlaq sahələrdə isə su çox qaldıqca heyvandarlığa yararlı ot bitməyəcək. Yeganə çıxış yolu su hövzələrinin mümkün qədər tez boşladılmasıdır.