Azərbaycanda sağlamlıqla bağlı maarifləndirmə və ilkin diaqnostika təşəbbüslərini genişləndirməyi hədəfləyən “Fərqindəlik” layihəsi bu dəfə Zaqatalada təşkil olunub.
Yurd.Media "Baku TV"yə istinadən xəbər verir ki, PAŞA Holdinq və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiyada iştirak edən sakinlər ödənişsiz tibbi müayinələrdən keçib, ilkin analizlər təqdim olunub və peşəkar həkimlər tərəfindən faydalı tövsiyələr alıblar.
Qeyd olunub ki, Zaqatala rayonu endemik zona olduğu üçün burada xüsusilə zob və digər hormonal xəstəliklərin yayılma ehtimalı yüksəkdir və bu səbəbdən bölgədə belə tədbirlərə ciddi ehtiyac var.
Yerli sakinlər bu təşəbbüsün onların sağlamlığına göstərilən diqqətin bariz nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, layihə çərçivəsində növbəti aksiyanın Gəncədə təşkil olunması gözlənilir.