SÜJET
Yaddaşı gücləndirməyin 10 effektiv üsulu müəyyənləşib.
Tibb elmləri doktoru Osman Müftüoğlunun CNN TÜRK-də dərc olunan yazısında son dövrlərdə artan unutqanlıq probleminə qarşı faydalı ola biləcək tövsiyələr təqdim olunub.
“Yurd.Media” həmin tövsiyyələri qısa şəkildə oxuculara təqdim edir:
* Beyin açıq havada və ayaqüstə daha yaxşı işləyir. İnsan beyninin ayaq üstə olarkən təxminən 10% daha aktiv olduğu düşünülür. Əgər qapalı məkandasınızsa, vacib qərarlarınızı verərkən gəzin. Gəzərkən qolları yelləmək beynin fəaliyyətinə müsbət təsir edir.
* Xarici dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə yeni yerli və ya xarici söz öyrənməyə və istifadə etməyə çalışın.
* Alış-veriş siyahısını və ya telefon nömrələrini əzbərləməyə çalışın. Zehni məşq edin. Bunun üçün müxtəlif krossvordlar həll edə, şahmat kimi intellektual oyunlar oynaya bilərsiniz.
* Meditasiya və yoga kimi zehni sakitləşdirən üsullardan istifadə edin.
* Rutin vərdişlərdən çıxın. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yolla gedin. Gün ərzində televizor pultunu az istifadə etdiyiniz əlinizlə idarə etməyə çalışın.
* Sevdiyiniz musiqini gözlərinizi bağlayaraq dinləyin. Beyin üzrə mütəxəssislər klassik musiqinin zəkanı 7 bal artıra biləcəyini iddia edirlər.
* Nəyi düşündüyünüzə fikir verin. Gündə beyninizdən 60-80 min arası düşüncə keçir. Bu düşüncələr nədən bəhs edirsə, həyatınız da ona uyğun formalaşır. Beyninizdə ən çox nəyi düşünürsünüzsə, həyatınızda onu çoxaldırsınız.
* Bol və təmiz oksigen beyniniz üçün çox vacibdir. Beynimiz çəkisinə görə bədənimizin cəmi 2%-ni təşkil etsə də, gələn oksigenin 25%-ni istehlak edir. Oksigensiz qaldıqda ilk məhv olan orqan beyindir. Otağınızın pəncərəsini açaraq bol oksigendən faydalanın.
* Mənfi hədəfə fokuslanmayın. Beyin bəzi hallarda "əks cəhd" qanunu ilə işləyir. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə fokuslanırsınızsa, o, gerçək olur! Buna əks cəhd qanunu deyilir. Beyin istənilən hədəfə – mənfi belə olsa – onu reallaşdırmaq üçün çalışır.
* Həyatınızı rəngləndirin. İctimaiyyət qarşısında çıxış edərkən "görəsən həyəcanlanacağam?" deyə düşünsəniz, həyəcanlanarsınız. Beyni yoran şey təkrarlılıq və monotonluqdur. Həyatınızı nə qədər rəngləndirirsinizsə, beyniniz o qədər aktiv və enerjili olur.