Müasir dövrdə uşaqların təbiətdə oynaması, torpaqla təmasda olması halları azalıb. Uşaqlar artıq təbiətdən daha çox telefonlarda, kompüterlərdə, onlayn oyunlarda daha çox vaxt keçirirlər. Həyətdə, parkda oynayan zaman isə çox vaxt valideynlər övladlarına əl-ayağını təmiz saxlamağı, gigiyena qaydalarına ciddi riayət etməyi tapşırırlar.
“Yurd.Media” xəbər verir ki, alimlərin araşdırmaları isə bir az kirlənməyin immun sistemini gücləndirdiyi nəticələrini ortaya qoyur. Belə ki, bağırsaqlarda yaşayan trilyonlarla faydalı bakteriya bədənin müdafiə mexanizmini təkmilləşdirir, eyni zamanda həzmi və hətta əhvala təsir edir. Buna görə də, mütəxəssislər çirklənmənin mühüm rol oynadığını bildirirlər.
Uşaq qastroenteroloqu, Prof. Dr. Ayşe Merve Usta “TRT HABER”ə bildirib ki, uşaqların təmiz olması yaxşıdır, amma lazım olanda onların çirklənməsinə, torpaqla, ev heyvanları ilə təmasda olmasına imkan vermək də faydalıdır.
“Uşaqlıq dövründə sağlam bağırsaq mikrobiotasına sahib olmaq böyümə, inkişaf və immunitet sistemi üçün çox əhəmiyyətlidir. Bağırsaqlardakı faydalı bakteriyalar allergik və xroniki xəstəliklərə qarşı müdafiəni inkişaf etdirir və hətta psixi sağlamlığa müsbət təsir edir”, - həkim deyir.
O qeyd edir ki, həddindən artıq qapalı həyat tərzi uşaqların bağırsaq mikrob mühitinə mənfi təsir göstərə bilər:
“Mikrob müxtəlifliyi orqanizmin müxtəlif mikroblarla necə mübarizə aparacağını və onlarla qarşılaşmağı öyrənməsi üçün vacibdir. Qapalı mühitlərdə böyüyən uşaqlarla təbiətdə vaxt keçirənlər arasında böyük fərq var. Təbiətlə təmasda böyüyən uşaqlar heyvanlarla təmasda olur, torpaqla oynayır və daha çox ətraf mühit mikrobları ilə qarşılaşır. Bu, daha müxtəlif bağırsaq mikrob mühiti yaradır. Hətta xoşbəxt olmağa belə təsir edə bilir. Təbiətdə vaxt keçirdən uşaqlar az stresli, xoşbəxt, rahat amma qapalı yerlərdə vaxt keçirdən uşaqlar stressli, narahat ruh halında olurlar”.
Həkim balanslaşdırılmış gigiyenanın daha düzgün olduğunu qeyd edir:
“Uşaqlara yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra və xəstə insanlarla təmasdan sonra əllərini yumağı, əllərini yuyarkən sabun və bol sudan istifadə etməyi öyrətmək lazımdır. Daim hər yeri dezinfeksiya etmək məqsədəuyğun deyil. Antibakterial sabunlar və dezinfeksiyaedici maddələr xəstəxana mühitlərində, insanların sıx olduğu mühitlərdə və epidemiyalar zamanı istifadə edilə bilər".