"Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib".
Yurd.Media xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru Tatyana Şilova açıqlama verib.
Mütəxəssisin fikrincə, insanlar çox vaxt kompüter və ya digər elektron qurğulardan uzun müddət istifadə etmələrini görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi hesab edirlər, lakin bu, düzgün yanaşma deyil.
"Həqiqətdə göz xəstəliklərinin təqribən 80 faizi genetik amillərdən irəli gəlir, ətraf mühitin göstərdiyi təsir isə olduqca məhduddur. Bəzi zərərli vərdişlər - məsələn, həyat tərzi, qidalanma seçimləri - görmə qabiliyyətinə neqativ təsir edə bilər, ancaq elektron qurğularla işləməyin verdiyi zərər həddindən artıq böyüdülür. Kompüterdə müəyyən fasilələrlə 8-9 saat çalışmaq yetkin bir insanın gözləri üçün tamamilə adi yükdür; bu, artıq çoxsaylı elmi tədqiqatlarla sübut olunub", - deyə mütəxəssis qeyd edib.
Bununla yanaşı o, uşaqların bu məsələdə istisna təşkil etdiyini xüsusilə vurğulayıb:
"Elektron qurğular onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər inkişaf mərhələsində olur, buna görə də uşaqlıq dövründə görmə yükü ciddi formada tənzimlənməlidir. Uşaq cihazla işləyərkən hər iki-üç saatdan bir fasilə etməlidir. Bu fasilələr ərzində fokus məsafəsinin dəyişdirilməsinə yönəlmiş məşqlər mütləq yerinə yetirilməlidir", - deyə həkim bildirb.
Oftalmoloq ən sadə məşqlərdən biri olaraq "Şüşə üzərində işarə" üsulunu təqdim edib. Bu məşqi icra edərkən yaxındakı bir obyektə bir neçə saniyə baxmaq, ardınca eyni görmə xətti üzərində olan uzaqdakı bir obyektə nəzər salmaq və bu prosesi bir neçə dəfə təkrar etmək tələb olunur. Beləliklə, gözlər dəfələrlə fokus məsafəsini dəyişərək məşq etmiş olur.
"Göz sinir sisteminin tərkib hissəsidir. Odur ki, beyində baş verən istənilən proses görmə keyfiyyətinə təsir göstərə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi keçirə biləcəyi hallar da mövcuddur", - deyə oftalmoloq xəbərdarlıq edib.
Onun sözlərinə əsasən, stresli vəziyyətlər yalnız xroniki xəstəliklərin kəskinləşməsinə deyil, həm də görmə qabiliyyətinin qısamüddətli zəifləməsinə gətirib çıxara bilər.
"Buna görə də sağlam həyat tərzi sürməyə səy göstərin, emosiyalarınızı nəzarətdə saxlayın və əgər bunu müstəqil şəkildə bacarmırsınızsa, mütəxəssislərə müraciət edin", - deyə Şilova sonda tövsiyə edib.