SÜJET
Fransa Qida Təhlükəsizliyi Agentliyinin (ANSES) yayımladığı son araşdırma şüşə butulkalarda satılan içkilərdə mikroplastik miqdarının plastik qablara nisbətən 5-dən 50 dəfə daha çox olduğunu göstərib.
Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu gözlənilməz nəticə, uzun illər ekoloji baxımdan “daha təhlükəsiz” hesab edilən şüşə qabların düşünüldüyü qədər zərərsiz olmadığını göstərir. Araşdırma, mikroplastiklərin əsas mənbəyinin şüşənin özü deyil, metal qapaqların üzərindəki boya qatları olduğunu üzə çıxarıb.
Mikroplastiklər haradan gəlir?
Araşdırma su, qazlı içkilər, limonad, pivə və şərab kimi müxtəlif içkiləri əhatə edir. Şüşə butulkalarda hər litr içkidə orta hesabla 100 mikroplastik hissəcik aşkarlanıb. Bu göstərici plastik butulkalarda və metal qutularda 5–50 dəfə daha aşağıdır.
Ən diqqətçəkən nəticə isə, mikroplastiklərin birbaşa qapaqlardakı boya materiallarından ayrılması olub. Boyanın tərkibindəki plastik hissəciklər, saxlama zamanı sürtünmə nəticəsində içkiyə qarışır. Laborator analizlər, aşkar olunan mikroplastiklərin kimyəvi quruluşunun və formasının metal qapaqlardakı boya ilə tam uyğunluq təşkil etdiyini təsdiqləyib.
Ən çox mikroplastik qazlı içkilərdədir
Tədqiqatda litrə görə mikroplastik miqdarları belə olub:
Qazlı sular: 30 hissəcik/litr
Limonad: 40 hissəcik/litr
Pivə: 60 hissəcik/litr
Şüşə butulkadakı su: 4.5 hissəcik/litr
Plastik butulkadakı su: 1.6 hissəcik/litr
Şərab: demək olar ki, heç aşkar edilməyib
Bu nəticələr, xüsusilə qazlı içkilərin mikroplastik baxımından daha riskli olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, bu nəticələr, ekoloji cəhətdən şüşə qabların daha üstün olduğunu düşünən insanlar üçün ciddi xəbərdarlıqdır. İstehsalçılara isə metal qapaqlarda istifadə olunan boya və örtükləri yenidən nəzərdən keçirmək tövsiyə olunur.