Son dövrlərdə gənclər arasında yayılmış panik ataklar, ürək daralması, üşütmə, titrətmə kimi psixosomatik problemlərin əksəriyyəti passiv aqressiya ilə bağlıdır. Bunu Yurd.Media-ya açıqlamasında psixoloq Xanım Kamran bildirib.
Psixoloqun sözlərinə görə, problemin kökü aqressiya və əsəb anlayışını düzgün başa düşməkdən keçir:
"Əsəb və aqressiya orqanizmdə böyrəküstü vəzlər tərəfindən ifraz olunan hormonlarla bağlıdır. Bu hormonlar bir problemə reaksiya olaraq yaranır, qana qarışır və beyinə siqnal ötürür. Lakin bu gün gənclərin əksəriyyəti bu aqressiyanı ifadə edə bilmirlər. Bu isə uşaqlıqda verilən emosiyalari düzgün idarə etməyi öyrədilməməsidir," – deyə psixoloq bildirir.
Xanım Kamran qeyd edir ki, Azərbaycanda ailə içində böyüklərə qarşı fikir bildirmək qadağan olunduğu üçün uşaqlar aqressiyanı içində saxlamağa öyrəşirlər. Bu isə böyüdükcə onların hisslərini ifadə etməsində problemlər yaradır və nəticədə müxtəlif psixosomatik pozuntulara – panik atak, ürək döyüntüsü, əzginlik, əzələ zəifliyi, hətta onkoloji xəstəliklərə səbəb ola bilər.
Xarici tədqiqatlar da təhlükəni təsdiqləyir. ABŞ-da yerləşən "American Psychological Association" tərəfindən aparılmış bir araşdırmada müəyyən olunub ki, passiv aqressiya uzunmüddətli stress hormonlarının – xüsusilə kortizolun – yüksək səviyyədə qalmasına səbəb olur. Bu isə immun sistemini zəiflədir, ürək-damar və onkoloji xəstəliklərə yol aça bilir. Araşdırmada qeyd edilir ki, passiv aqressiyanın davamlı təzyiq yaratması insanın həm psixoloji, həm də fizioloji sağlamlığına ciddi zərər verir.
Psixoloq tövsiyə edir ki, insanlar öz aqressiyalarını sağlıqlı yollarla ifadə etməyi öyrənməlidirlər. Bu, sadəcə bağırmaq və ya qışqırmaqla deyil, danışmaq, yazmaq, sənətlə məşğul olmaq, idman və ya ev işləri ilə ifadə edilə bilər:
“Aqressiya əslində yaradıcılığın da təməlidir. Əgər onu düzgün yönləndirsək, faydalı nəticələr əldə edə bilərik,” – deyə o vurğulayıb.
Valideynlərə də çağırış edən psixoloq bildirib ki, uşaqların aqressiyasını susdurmaq əvəzinə, onları bu hissləri düzgün şəkildə ifadə etməyə təşviq etmək lazımdır. Bu zaman gələcəkdə onların daxili psixoloji balansları qorunur və sağlam ictimai fərd kimi formalaşmaları təmin olunur.