Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Yurd.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Naxçıvan MR Nazirlər Kabinetinə həmin müəssisələrlə bağlı müvafiq təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb.
Naxçıvan MR Səhiyyə Nazirliyinə isə Muxtar Respublikanın Nazirlər Kabineti ilə razılaşdırmaqla tabeliyinə verilmiş tibb müəssisələrinin nizamnamələrinin iki ay müddətində təsdiq edilməsi, tibb müəssisələrinin idarəetmə orqanlarının rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsini təmin etmək tapşırılıb.