Son zamanlar geniş müzakirə olunan mövzulardan biri uşaqların və yeniyetmələrin düzgün cinsi tərbiyəsidir. Təəssüf ki, bir çox valideyn bu termini yalnız cinsi münasibət kimi anlayır və aqressiv reaksiya verir. Halbuki, cinsi tərbiyə — sadəcə cinsəl mövzuları deyil, uşağın öz bədənini tanıması, şəxsi sərhədlərini bilməsi, sağlam münasibətlər qurması və sosial etiket qaydalarına yiyələnməsi deməkdir.
"Ağıllı Bala" Tədris Mərkəzinin yaradıcısı və pedaqoq Elnarə Əfəndiyeva Yurd.Media-ya bildirib ki, cinsi tərbiyə dərsləri məktəblərdə tədris olunmalıdır:
"Bu dərslər uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə, etik və psixoloji baxımdan düzgün formada keçirilməlidir".
Onun sözlərinə görə, uşaq artıq 4–5 yaşında öz bədənini, şəxsi sərhədlərini və toxunulmazlığını öyrənməlidir. Əfəndiyeva vurğulayıb ki, uşaqlar internet və ətraf mühitdən yanlış və çaşdırıcı məlumat ala bilərlər, buna görə də düzgün, sağlam və etibarlı biliklər valideyn və müəllim vasitəsilə verilməlidir.
Uşaq və yeniyetmə psixoloqu Həmidə Məmmədova isə Yurd.Media-ya bildirib ki, hər məktəbdə xüsusi əxlaq və davranış dərsləri keçirilməlidir, cinsi tərbiyə də bu dərslərin tərkib hissəsi olmalıdır:
"Bu dərslərdə təkcə cinsiyyətlə bağlı məsələlər deyil, həm də uşaqlar arasında artan zorakılıq (bullinq) və davranış problemləri də müzakirə olunmalıdır".
Məmmədovanın sözlərinə görə, cinsi savadsızlıq uşaqlarda tez böyümək istəyi və özlərini artıq hər şeyə qadir hesab etmələri ilə nəticələnir. Yeniyetməlik dövrü ilə birlikdə hormonal dəyişikliklər və emosional çətinliklər yaranır. Bu səbəbdən valideynlər övladları ilə açıq və güvənə əsaslanan münasibət qurmalıdırlar. Atalar oğulları ilə, analar isə qızları ilə sirdaş kimi davranmalı və onları doğru istiqamətləndirməlidirlər ki, uşaqlar yanlış dostlar və təhlükəli yollar seçməsinlər.
Azərbaycanda hələ də bir çox valideyn "cinsi tərbiyə" anlayışına ehtiyatla yanaşır. Lakin bu dərslərin tədrisi uşaqlara sağlam münasibət qurmağı, özlərini cəmiyyətdə düzgün aparmağı və ətraf mühitə uyğun davranmağı öyrədə bilər. Belə dərslər onların dünya görüşünü də genişləndirə bilər.
Bəlkə də bu dərslər sayəsində yeniyetmə qızlarımızın erkən yaşda — 13-14 yaşında hamilə qalmasının, gənc oğlanlarımızın isə 23–24 yaşında pedofiliya səbəbilə cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını ala bilərik.
Qeyd edilməlidir ki, bir çox xarici ölkədə bu dərslər artıq məktəb proqramlarına daxil edilib. Düzdür, bəzi ölkələrdə bu mövzu bizim cəmiyyətə uyğun olmayan formalarda tədris olunur və uşaqlara cinsiyyətsiz bir yanaşma təlqin edilir. Lakin biz bu dərsləri öz milli dəyərlərimizə, mentalitetimizə və mədəniyyətimizə uyğun şəkildə keçirməli və gənclərimizi düzgün istiqamətlə yönləndirməliyik.