SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Psixoloji təzyiq böyüyür: Gənclər niyə daha çox stress yaşayır? - ARAŞDIRMA

Psixoloji təzyiq böyüyür: Gənclər niyə daha çox stress yaşayır? - ARAŞDIRMA

Son illərdə gənclər arasında psixoloji gərginlik və stress halları daha çox müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti “görünməyən təzyiq” adlandırır və problemin getdikcə dərinləşdiyini bildirirlər.

Müasir dövrdə gənclər yalnız təhsil və iş həyatı ilə deyil, eyni zamanda cəmiyyətin yaratdığı gözləntilərlə də üz-üzə qalır. Uğur qazanmaq, ideal həyat qurmaq və sosial standartlara uyğunlaşmaq istəyi bir çox hallarda psixoloji yükə çevrilir.

Vətən müharibəsi iştirakçısı Elnur Abbasov Yurd.Media-ya bildirib ki, müharibə zamanı aldığı yaralanma və travma səbəbindən psixoloji dəstəyə ehtiyac duyub:

“2020-ci ildə Vətən müharibəsi dövründə yaralanmışam. Əvvəllər vəziyyətim yaxşı idi, indi isə müvəqqəti olaraq normaldır. Bəzən təsir edən hadisələr bu vəziyyəti yenidən ağırlaşdırır”.

O qeyd edib ki, yaşadığı gərginlik həm fiziki, həm də emosional olaraq özünü göstərir:

“Ağrı və stress əsas problemlərdən biridir. Bu vəziyyətdə insanın ən çox ehtiyac duyduğu şey qayğı və sevgidir”.

Psixoloq Aytən Ələkbərova Yurd.Media-ya bildirib ki, əvvəlki illərlə müqayisədə gənclər arasında psixoloji təzyiq daha intensiv hiss olunur. Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəblərindən biri sosial media və onun yaratdığı müqayisə mühitidir:

“Gənclər sosial şəbəkələrdə, xüsusilə "TikTok" kimi platformalarda ideal həyat tərzi görürlər. Bu isə onlarda "mən də belə yaşamalıyam" düşüncəsini formalaşdırır və nəticədə özünə inam azalır, daimi müqayisə yaranır”.

Psixoloq bildirir ki, iş tapmaqda çətinlik, gələcəklə bağlı qeyri-müəyyənlik və cəmiyyətin gözləntiləri də gənclər üçün ciddi stress mənbəyidir:

“Gəncləri ən çox düşündürən suallardan biri "gələcəyim necə olacaq?"dır. İş tapa bilməmək və ailə gözləntiləri daxili gərginliyi artırır, bu isə aqressiya və psixoloji problemlərə gətirib çıxarır”.

Psixoloq Aytən ƏləkbərovaPsixoloq Aytən Ələkbərova

Onun sözlərinə görə, bu gərginlik zamanla depressiya, sosial təcrid və münasibətlərdə problemlərlə nəticələnə bilər.

Sevgi münasibətləri, dostluq və tək qalmaq qorxusu da bu prosesi daha da ağırlaşdırır.

Psixoloq vurğulayır ki, travma yaşamış gənclərdə bu təsirlər daha kəskin şəkildə özünü göstərir:

“Belə gənclər cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir, insanlarla münasibətdə narahatlıq və panik hisslər yaşayırlar”.

Ekspert əlavə edib ki, bu vəziyyətin qarşısını almaq üçün bir sıra sadə, lakin effektiv üsullar mövcuddur:

“Nəfəs texnikaları, gündəlik 20–30 dəqiqəlik gəzinti, idman və ən əsası "yox" deməyi öyrənmək vacibdir. Bir çox gənc hamını razı salmağa çalışır, bu isə əlavə təzyiq yaradır. İnsan özünə "istəmirəm" deməyə icazə verməlidir”.

Mütəxəssislər hesab edir ki, gənclər arasında artan psixoloji təzyiqin qarşısını almaq üçün həm fərdi, həm də ictimai səviyyədə addımlar atılmalıdır. Psixoloji dəstək xidmətlərinin əlçatanlığının artırılması, maarifləndirmə işlərinin genişləndirilməsi və gənclərin sosial mühitdə üzləşdiyi təzyiqlərin azaldılması bu istiqamətdə əsas prioritetlər hesab olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları