SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Ölümündən əvvəl orqan bağışlanması Azərbaycan reallığında necə işləyir? - ARAŞDIRMA

Ölümündən əvvəl orqan bağışlanması Azərbaycan reallığında necə işləyir? - ARAŞDIRMA

Azərbaycanda ölümündən əvvəl orqan bağışlanması hüquqi baxımdan mümkün olsa da, praktiki icrasında ciddi texniki və sosial çətinliklər qalmaqdadır. Ekspertlər qanunvericilikdəki boşluqlara, ictimai maarifləndirmənin zəifliyinə və mərkəzləşdirilmiş sistemlərin olmamasına diqqət çəkirlər.

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanuna əsasən, vətəndaşlar sağlığında notarial qaydada ölümündən sonra orqanlarını bağışlamağa razılıq verə bilərlər.

Hüquqşünas Ayxan Məmmədli Yurd.Media-ya açıqlamasında bildirib ki, bu razılıq şəxsin iradəsini əks etdirən hüquqi sənəd hesab olunsa da, bu sənədin real şəraitdə tətbiqi bir sıra maneələrlə üzləşir:

"Notarial razılıq hələlik mərkəzləşdirilmiş və rəqəmsal sistemə inteqrasiya edilməyib. Sənədlər ya kağız daşıyıcılarda saxlanılır, ya da notariatın elektron arxivində yer alır. Bu isə o deməkdir ki, təcili tibbi hallarda həkimlər bu razılığa operativ şəkildə çıxış əldə edə bilmirlər. Digər tərəfdən, ailə üzvləri etiraz etdiyi halda, vətəndaşın notarial razılığına baxmayaraq, orqan transplantasiyası həyata keçirilmir. Bu isə şəxsin hüquqi iradəsinin pozulmasıdır".

Hüquqşünas Ayxan MəmmədliHüquqşünas Ayxan Məmmədli

Ayxan Məmmədli əlavə edib ki, donor məlumatlarının vahid mərkəzləşdirilmiş bazasının olmaması, ailə iradəsinin hüquqi sənəddən üstün tutulması və cəmiyyətin məlumatlandırılmasının zəifliyi bu sahədə əsas problemlərdir.

Məsələyə münasibət bildirən Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Yurd.Media-ya açıqlamasında qeyd edib ki, problem yalnız hüquqi yox, həm də sosial və etik xarakter daşıyır:

"Qanun və təlimatlar olsa da, məsələ sadəcə inzibati yolla tənzimlənə bilməz. Beyin ölümü keçirmiş şəxsin yaxınları razılıq vermədikdə, heç bir qanun bunu məcbur edə bilməz. Ona görə də maarifləndirmə əsas rol oynayır. Cəmiyyət anlamalıdır ki, beyin ölümü geri dönüşü olmayan vəziyyətdir və belə hallarda orqanların bağışlanması bir insanın həyatını xilas edə bilər."

Tibb elmləri doktoru, professor Adil QeybullaTibb elmləri doktoru, professor Adil Qeybulla

Professor onu da vurğulayıb ki, beyin ölümünün diaqnozu xüsusi komissiyalar tərəfindən təsdiqlənməlidir və bu vəziyyət xəstənin himayədarlarına ətraflı izah olunmalıdır. Lakin təcrübədə, ailələr nəinki orqan götürülməsinə, hətta meyitin təşrih edilməsinə də razılıq vermirlər.

"Təşrih — yəni meyitin yarılması — düzgün diaqnozun qoyulması üçün vacibdir. Xəstəxanada, evdə və ya stasionarda vəfat etmiş hər bir şəxsin ölüm səbəbi dəqiq müəyyən olunmalıdır", — deyə A. Qeybulla bildirib.

İlahiyyatçı Elşad Miri isə məsələyə dini baxımdan münasibət bildirərək deyib ki, İslamda orqan bağışlama ilə bağlı hər hansı bir qadağa yoxdur:

"Qurani-Kərimin Maidə surəsində qeyd olunur ki, bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etməyə bərabərdir. Əgər insan sağlığında vəsiyyət edibsə və orqanları istifadə oluna biləcəksə, bu, dini baxımdan tamamilə məqbuldur. Əsas məsələ bu prosesin şəffaf və etik prinsiplərlə həyata keçirilməsidir."

İlahiyyatçı Elşad Miriİlahiyyatçı Elşad Miri

Ekspertlərin ümumi qənaətinə görə, Azərbaycanda ölümündən əvvəl orqan bağışlama hüququ qanunla tanınsa da, bu hüququn effektiv həyata keçirilməsi üçün aşağıdakı tədbirlərə ehtiyac var:

- mərkəzləşdirilmiş məlumat bazasının yaradılması

- ailə iradəsinin hüquqi sənədlə tənzimlənməsi

- geniş ictimai maarifləndirmə kampaniyalarının həyata keçirilməsi.

Bu məsələlərin öz həllini tapması həm vətəndaşın iradəsinin təmininə, həm də ölkədə orqan transplantasiyası sisteminin inkişafına təkan verə bilər.