SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
İstisu və Qalaaltıya rəqib gəlir? – Salyanda müalicəvi bulaq tapılıb*

İstisu və Qalaaltıya rəqib gəlir? – Salyanda müalicəvi bulaq tapılıb*

Salyan

Çuxanlı kəndində müalicəvi xüsusiyyətlərə malik mineral bulaq aşkarlanıb. 

Yurd.Media xəbər verir ki, araşdırmalar göstərir ki, bu bulaq suyu dəri xəstəliklərinin müalicəsində faydalı olmaqla yanaşı, tərkibinə görə məşhur Qalaaltı və İstisu suları ilə müqayisə oluna bilər.

Belə ki, ötən əsrdə Salyan rayonu ərazisində aparılan neft və qaz yataqlarının kəşfiyyatı zamanı bəzi quyularda yerin dərin qatlarından çıxan xüsusi tərkibli sulara rast gəlinib. 

Belə quyulardan biri də rayonun Çuxanlı kəndində yerləşir. Həmin ərazidəki quyudan çıxan su yerli sakinlər və mütəxəssislər tərəfindən müalicəvi bulaq kimi qiymətləndirilir.

Araşdırmaçı Firdovsi Sarvanlı Baku TV-yə açıqlamasında bildirib ki, bu suyun tərkibi onu digər bulaqlardan fərqləndirir:

"Mən buna sadəcə "bulaq" deməzdim, çünki bu su artıq öz müalicəvi xüsusiyyətlərinə görə, tərkibində müxtəlif çöküntülər və minerallar olan zəngin bir sudur. Bu su insanlar üçün çox faydalıdır. Belə ki, dəri xəstəlikləri olan və bədənində səpkilər olan insanlar bu sudan istifadə edərək fayda görürlər."

Sarvanlı hesab edir ki, bu bulaq ölkə üçün yeni sağlamlıq və turizm mənbəyinə çevrilə bilər. O, elmi tədqiqat institutlarının bu əraziyə gələrək suyun tərkibini hərtərəfli analiz etməsinin vacibliyini vurğulayıb:

"Bu sahədə çalışan elmi tədqiqat müəssisələrinin mütəxəssislərindən xahiş edərdim ki, rayonumuza gəlib bu suyun tərkibini dərindən araşdırsınlar. Bu su məşhur Qalaaltı və İstisu kimi sulardan birinə çevrilə bilər. Bu xüsusiyyətlərə malik başqa bir mənbə həmin ərazilərdə yoxdur."

Hazırda bulaqdan çıxan su kustar üsulla daşınır. Lakin araşdırmaçı bu işin mərkəzləşdirilməsini və sistemli şəkildə təşkil olunaraq, xalqın istifadəsinə verilməsini təklif edir:

"İstərdim ki, bu iş mərkəzləşdirilsin, sistemləşdirilsin və xalq üçün daha səmərəli şəkildə istifadə olunsun."