İngiltərədə qan xərçəngi olan minlərlə xəstə hüceyrələrin içinə gizlicə daxil olaraq onları məhv edən innovativ “Troya atı” üsullu yeni dərman kəşf olunub.
Yurd.Media xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə üzrə Milli İnstitutu (NICE) yeni təlimat yayıb.
Söhbət belantamab mafodotin adlı dərmandan gedir. Dərman çoxsaylı müalicə üsullarına müqavimət göstərən multipl mieloma xəstəliyinin gedişatını 3 dəfə daha uzun müddətə dayandıra bilir. Ticarət adı "Blenrep" olan dərman xərçəng hüceyrələrini hədəfləyən xüsusi antikor dərmanıdır və hər üç həftədə bir damardaxili şəkildə digər dərmanlarla birlikdə qəbul edilir.
Dərmanın təsir mexanizmi “Troya atı”na bənzədilir – dərman xərçəng hüceyrəsinin içinə daxil olub onu daxildən yüksək dozalı zəhərli molekullarla məhv edir.
İngiltərənin xərçəng üzrə milli klinik direktoru professor Piter Conson bu dərmanın xəstələr və ailələri üçün “həyat dəyişdirən” bir fürsət olduğunu bildirib:
“Multipl mieloma aqressiv qan xərçəngidir, amma yeni hədəfli terapiyalarla nəticələr getdikcə yaxşılaşır. Bu dərman sayəsində xəstələr ömürlərini neçə il uzada bilərlər”.
Dərman, hər il ilkin müalicəyə cavab verməyən və ya xəstəliyi irəliləyən təxminən 1,500 pasiyentə təklif ediləcək.
Sınaqlara əsasən, bu dərman bortezomib və deksametazonla birlikdə qəbul edildikdə, xəstəliyin inkişafını orta hesabla 3 il ləngidir. Halbuki hazırda geniş istifadə olunan daratumumab ilə bu müddət 1 ildir.