Son dövrlər heyvanlardan insanlara keçən dəri xəstəlikləri ilə bağlı dermatoloqlara edilən müraciətlər artıb.
Yurd.Media xəbər verir ki, dermatoloq Fəridə Rəsulova "Xəzər Xəbər"-ə verdiyi açıqlamasında bildirir ki, xüsusilə uşaqlarda saçlı dəridə göbələk infeksiyaları daha çox müşahidə olunur.
"Biz son zamanlar saçlı dəridə halqavari, kəpəkli, qaşınan yaralarla bağlı çoxsaylı müraciətlər alırıq. Bu tip göbələk infeksiyaları müalicə olunmadıqda bədənə yayılaraq xəstədə ciddi narahatlıq yaradır. Xəstəlik xüsusilə qaşınma ilə müşayiət olunur. Uşaqlarda isə bu infeksiya saç tökülməsinə və həmin nahiyədə iz qalmasına səbəb ola bilər", – deyə həkim bildirib.
Dermatoloqun sözlərinə görə, immun sistemi zəif olan şəxslərdə bu infeksiya daha ağır və sürətlə yayılan formada özünü göstərə bilər.
Fəridə Rəsulova valideynlərə və evdə heyvan saxlayanlara xəbərdarlıq edərək bildirib ki, heyvanlara vaxtında qulluq edilməli, onların təmizliyi mütləq şəkildə təmin olunmalıdır.
"Yaxşı baxılan heyvanlar adətən problem yaratmır. Amma natəmizlik nəticəsində dəri infeksiyaları baş qaldıra bilər. Pişiklərdən keçən göbələk infeksiyalarını tez-tez müşahidə edirik. Ev heyvanının yatdığı yer, içdiyi su qabı, yediyi yemək qabı və gəzdiyi ərazilər mütəmadi olaraq təmizlənməlidir. Əgər heyvanda tüklərin tökülməsi və ya dəridə anormal dəyişiklik varsa, dərhal baytara müraciət olunmalıdır", – deyə həkim əlavə edib.
O qeyd edib ki, immun sistemi güclü olan insanlarda bu cür dəri xəstəlikləri yüngül formada keçsə də, yenə də vaxtında müdaxilə vacibdir.