Enerji içkilərinin insan sağlamlığına vurduğu zərərlər daim müzakirə mövzusu olmaqda davam edir. Son dövrdə bu məhsulların xüsusilə yeniyetmələr və gənc nəsil arasında geniş yayılması ictimaiyyətdə böyük narahatlığa yol açıb. Hərçənd bu içkilər enerji artırıcı və yorğunluq əleyhinə vasitə kimi reklam olunsa da, tərkibindəki komponentlər orqanizmə ciddi mənfi təsir göstərmə potensialına malikdir. Məlum olduğu kimi, enerji içkiləri maddələr mübadiləsinə, sinir sisteminə və ürək-damar sisteminə zərərli təsir edir. Bu içkilər şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərin yaranmasına şərait yarada, həmçinin yaşlanma prosesini sürətləndirə bilər.
Bəs, bu içkilərin sağlamlığa zərərli olduğu məlum olduğu halda, onların uşaqlara belə satılması nə qədər düzgündür?
Yurd.Media xəbər verir ki, mütəxəssislər bildirir ki, enerji içkilərinin üzərindəki etiketlərdə bütün zəruri məlumatlar göstərilib.
İstehsalçılar birbaşa qeyd edirlər ki, bu məhsullar zəif orqanizmli şəxslərə, xəstələrə və əsasən də kiçik yaşlı uşaqlara mənfi təsir göstərir:
"Əgər hər hansı bir məhsul zəif və xəstə insanlar üçün zərərlidirsə, onun sağlam insanlara fayda verəcəyi də sual altındadır".
Energetik içkilərin ölkədaxili istehsalı və xaricdən gətirilməsi ilə bağlı standart təsdiq olunub. Bu standart tərkibdəki asılılıq yaradan maddələrin həcminin minimum səviyyəyə endirilməsini nəzərdə tutur və hazırda bazarda mövcud olan enerji içkiləri həmin normalara uyğun şəkildə istehsal və idxal edilir.
Bununla yanaşı, qeyd edilir ki, bu içkilərə tam qadağa qoyulması da doğru yanaşma deyil. İzah edib ki, bazar tələb və təklif prinsipləri əsasında fəaliyyət göstərir:
"Qadağa tətbiq edildiyi təqdirdə, bu, yalnız qaçaqmalçılığın güclənməsinə gətirib çıxara bilər. Ancaq təhsil müəssisələri, valideyn komitələri və ailələr bu məsələyə daha məsuliyyətli yanaşmalı, uşaqların energetik içkilərdən mümkün qədər uzaq tutulması üçün maarifləndirilmə işləri həyata keçirməlidirlər".
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.