Son dövrdə Azərbaycanda, xüsusən gənc əhali arasında enerji içkilərinə olan tələbat xeyli artıb. Şəhərin demək olar ki, hər küçəsindəki marketlərdə heç bir yaş həddi tələb olunmadan bu məhsulları almaq mümkündür. İnsan sağlamlığına mənfi təsir göstərən bu içkilərin ticarətinə hər hansı qadağanın tətbiq edilməməsi isə onları daha geniş kütlələr üçün əlçatan edib.
Yurd.Media xəbər verir ki, artıq bir sıra dövlətlərdə energetik içkilərin satışına müxtəlif qadağa və məhdudiyyətlər qoyulub. Belə ki, 2010-cu ildə ABŞ-da kofein ehtiva edən spirtli enerji içkiləri bazardan tamamilə yığışdırılıb. Həmin il Litvada da yetkinlik yaşına çatmamış şəxslərə bu növ içkilərin satışı qadağan olunub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində oxşar məhdudiyyətlər qüvvəyə minib. Bundan əlavə, Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, həmçinin ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan ştatlarında da analoji qadağalar mövcuddur.
Almaniyada «şəkər vergisi» adlı yeni tənzimləmə qüvvəyə minib. Belə ki, ölkədə şirin içkilərin tərkibindəki şəkər miqdarı 45 milyon kiloqram azaldılıb. Qida sektorunun istehsalçıları vergiyə cəlb olunan həddi keçməmək məqsədilə məhsullarının reseptlərini yenidən nəzərdən keçiriblər.
İngiltərədə ictimaiyyət tərəfindən «şəkər vergisi» adlandırılan qanuna görə, 100 millilitrdəki şəkər miqdarı 5 qramı ötdükdə hər litr üçün 18 pens vergi tutulur. Əgər 100 millilitrdəki şəkər həcmi 8 qramı aşırsa, bu halda hər litrə görə 24 pens məbləğində vergi alınır.
Azərbaycanda satılan bir qutunun tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon turşusu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər olur:
Enerji içkilərinin «qanadlandırma» effekti ilə bağlı yayılan miflər qədər, onların vurduğu zərərlər barədə faktlar da çoxdur. Xarici mediaya qısa bir nəzər salmaq kifayətdir ki, yüzlərlə belə hadisəyə rast gələsən.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.