SÜJET
ABŞ-ın Nyu-York Universitetindən (NYU) alimlər ağızda yaşayan bakteriyaların müxtəlifliyindəki azalmanın insanın psixoloji durumu ilə birbaşa əlaqəsi olduğunu müəyyən ediblər.
Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar 15 minə yaxın yetkin insanın sorğu cavablarını onların tüpürcək nümunələri ilə müqayisə ediblər. Genetik analizlər nəticəsində məlum olub ki, ağız bakteriyalarının müxtəlifliyi az olan şəxslər depressiya əlamətləri göstərməyə daha meyillidirlər.
İnsan orqanizmində bağırsaq mikrobiyomundan sonra ən zəngin ikinci mikroorqanizm mühiti ağız boşluğudur. Təsəvvür edin ki, oxuduğunuz bu sətirlər zamanı belə, ağzınızda 500 milyarddan 1 trilyona qədər bakteriya mövcuddur.
Nyu-York Universitetinin alimləri bu bakteriyaların strukturunun depressiyanın diaqnostika və müalicəsində bioloji göstərici kimi istifadə oluna biləcəyini irəli sürürlər.
Araşdırma qrupunun rəhbəri, fakültənin dekan müavini Dr. Bei Vu bildirib ki, ağız mikrobiyomu immun sistem və ya orqanizmdəki iltihab prosesləri vasitəsilə depressiv əlamətlərə təsir göstərə bilər:
"Digər tərəfdən, depressiyanın özü də qidalanma rejiminin pozulması, ağız gigiyenasına laqeyd yanaşma, siqaret və alkoqol istifadəsinin artması, eləcə də bəzi dərmanların qəbulu ilə ağız mikroflorasına təsir edə bilər”.
Əlavə analizlər göstərib ki, siqaret və alkoqol istifadəsi, diş gigiyenasına yanaşma və psixotrop dərmanların istifadəsi ağız mikrobiomuna birbaşa təsir edir.
Araşdırma müəllifləri bildiriblər ki, antidepressantlar və digər psixiatrik preparatlar da ağız bakteriyalarının tarazlığına təsir edə bilər. Bu dərmanların tüpürcək ifrazını azaltdığı, nəticədə ağız mühitində dəyişikliklərə səbəb olduğu vurğulanır.
Tədqiqatçılar inanır ki, bu cür araşdırmalar ağız mikrobiomunun psixi sağlamlığa təsirinə dair məlumatlılığı artıracaq və gələcəkdə depressiyanın diaqnostikası və müalicəsində yeni yanaşmaların inkişafına təkan verəcək.
Dr. Vu bildirib ki, ağız mikrobiomu ilə depressiya arasındakı əlaqəni daha dərindən anlamaq təkcə xəstəliyin səbəblərini üzə çıxarmağa yox, həm də yeni bioloji göstəricilər və müalicə üsullarının inkişafına zəmin yarada bilər.