SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bitki əsaslı ət heyvan ətindən daha faydalıdırmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Bitki əsaslı ət heyvan ətindən daha faydalıdırmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

  • 27 iyun 2026, 23:53

Sinqapurlu tədqiqatçılar bitki mənşəli ət əvəzedicilərinin insan orqanizminə təsirini dəyərləndirmək məqsədilə klinik sınaq həyata keçiriblər. 

Yurd.Media xəbər verir ki, mütəxəssislər iki fərqli qidalanma rejiminin kardiometabolik göstəricilərə necə təsir etdiyini - heyvan əti və ya onun bitki mənşəli analoqlarının qəbulunu qarşılıqlı şəkildə müqayisə ediblər.

Eksperimentə 2-ci tip şəkərli diabet diaqnozu olmayan, lakin qanda qlükoza konsentrasiyasının artması səbəbindən bu xəstəliyə meylliliyi olan 30-70 yaş aralığındakı 89 Sinqapur vətəndaşı qatılıb. Əlavə seçim kriteriyaları arasında piylənmənin, ağır xəstəliklərin, siqaret çəkmə vərdişinin və maddə asılılığının olmaması yer alıb. Bundan başqa, iştirakçılar xüsusi qidalanma rejiminə əməl etməməli, tədqiqatın nəticələrinə təsir göstərə biləcək preparatlar və ya qida əlavələri istifadə etməməli idilər.

İştirakçılar təsadüfi qaydada 45 və 44 nəfərdən ibarət iki qrupa ayrılıb. Tədqiqatı sona qədər müvafiq olaraq 42 və 40 nəfər başa vurub. Səkkiz həftə müddətində birinci qrupdakı könüllülər proteinlə zəngin adi qidaları müəyyən həcmdə heyvan əti ilə, ikinci qrupdakılar isə alimlərin təqdim etdiyi uyğun bitki mənşəli analoqlarla əvəzləməli olublar. Paralel olaraq, digər protein tərkibli məhsulların istehlakının minimuma endirilməsi tövsiyə edilib.

İştirakçılara bişirmə üsullarını və ədviyyatları özləri seçmək imkanı tanınıb. Təcrübə müddətində təşkilatçılar ümumi qidalanma rejiminə nəzarət ediblər, subyektlər isə dörd dəfə əvvəlcədən saxlamağı öyrədildikləri üç günlük qida jurnallarını təhvil veriblər.

Araşdırma çərçivəsində könüllülərin arterial təzyiqi ölçülüb, kardiometabolik parametrlər – lipid və lipoproteinlər, qlükoza, insulin, fruktozamin, C-reaktiv zülal və sair biomarkerlər qan analizləri vasitəsilə müşahidə edilib.

Təcrübənin başlanğıcında və səkkizinci həftəsində götürülmüş nəzarət venoz qan nümunələrinin təhlilinə əsasən, mütəxəssislər heyvan əti qəbulu ilə müqayisədə bitki əsaslı ət analoqlarına keçidin sağlamlıq baxımından heç bir aşkar üstünlüyünü müəyyən etməyiblər. Hər iki qidalanma modeli zamanla daha sağlam fruktozamin və HOMA-β göstəriciləri ilə assosiasiya olunub.

Arterial təzyiqin və qandakı qlükoza konsentrasiyasının monitorinqi nəticəsində məlum olub ki, adi ət pəhrizi bu sağlamlıq parametrlərinin idarə edilməsində daha səmərəlidir. Ət qrupunda daha yaxşı qlisemik indeks nəticələri, çox güman ki, bitki əsaslı ət qrupu ilə müqayisədə daha az karbohidrat və daha çox protein qəbulu ilə bağlıdır.

Sinqapurlu mütəxəssislər belə qənaətə gəliblər ki, 8 həftəlik sınaq nəticəsində bitki əsaslı ət analoqları kardiometabolik sağlamlıq üçün əlavə fayda təmin etməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları