Yurd.Media hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsindəki Zəfər yürüşünün gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Müharibənin 38-ci günü
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb.
• Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı, eləcə də Xocavənd istiqamətində gedən döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.
• Azərbaycanın Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
• Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığındakı iki sursat anbarının məhv edilməsinin videogörüntüsü.
• Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilib.
• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Baş Prokurorluq: İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barədə cinayət işi başlanıb.