Yurd.Media-nın baş redaktoru: Qarabağdakı imkanların investorlara çatdırılmasında mətbuat fəal rol oynamalıdır

Yurd.Media-nın baş redaktoru: "Qarabağdakı imkanların investorlara çatdırılmasında mətbuat fəal rol oynamalıdır"

CBC FM Azərbaycanın təqdimatında "Gündəm Qarabağ" verilişinin qonağı Yurd.Media portalınınnın təsisçisi və baş redaktoru Murad Əliyev olub. Müsahibə zamanı azad Qarabağda medianın fəaliyyəti, həmçinin Yurd.Media-nın planlarə müzakirə edilib.

-"Yurd.media" portalını Şuşada görə bilərikmi?

- Görməliyik. Bildiyiniz kimi "Yurd.Media" xəbər və araşdırma portalı öz fəaliyyətini bölgələrin həyatının işıqlandırılması üzərində qurub. Azərbaycan bölgələri dedikdə Qarabağ başda gəlir, çünki hazırda orada böyük quruculuq işləri həyata keçirilir, oraya köç başlayıb. Hazırda Qarabağın hər günü əhəmiyyətlidir, önəmlidir. Bu inkişafa da media öz dəstəyini verməlidir.

- Sizin belə bir portalı yaratmaq ideyanız deyəsən uzun zamandı mövcud idi...

- Bəli, 30 il ərzində bizim mediamızı da cəmiyyətimizı də əsas maraqlandıran məsələ Qarabağ ətrafında uzun-uzadı baş verən danışıqlar prosesi idi. Elə bir məqamda da Qarabağdan yazmadan sırf bölgələrin həyatını işıqlandıran bir media qurumunun yaradılması adamın ürəyincə deyildi, bu iş yarımçıq olacaqdı. Rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə Qarabağı azad etməsi, həmçinin 2023-cü ildə antiterror əməliyyatı ilə suverenliyimizin tam bərpa olunması artıq bu işə başlamağın zamanının çatdığını göstərdi. Bizim medianın Vətən müharibəsi günlərində necə fədakarcasına çalışdığının özünüz də şahidi oldunuz. İndi də biz o cür əhatəli şəkildə Qarabağın çiçəklənməsi işıqlandırmalıyıq. Bu gün bir çox tədbirlərə, açılışlara Bakıdan jurnalistlər saatlarla yol gedir, çəkilişlər edir, sonra Bakıya qayıdırlar. Nəticədə media həmin anı çəkir. Bizə lazımdır proses necə baş verirsə onu oxucularımıza çatdıraq. Bu baxımdan Qarabağda medianın fəaliyyəti vacibdir. Bu gün bəzi jurnalistlərimiz artıq Qarabağa qayıdıb, orada işləyirlər. Amma onlar daha çox dövlət qurumlarının işlərini görürlər. Dövlət qurumlarının təmsilçisi olaraq sənin bir o qədər müstəqilliyin olmur. Qarabağın hər yerinə əlçatanlığın təmin olunması üçün bizə hər rayonda müxbir postlarının yaradılması lazımdır. Biz hər gün köçlə bağlı yazılar veririk. Onların həyatı, yerləşməsi, işlərini və problemlərini işıqlandırmaq lazımdır. Əgər problemi işıqlandırmasan həll olunmayacaq. Bəzən dövlət qurumları hansısa problemin həllini bir-birinin üstünə atırlar, hansısa problem kölgədə qalır. Problemi işıqlandırmaq həll olunmasına kömək edir.

- Vətən müharibəsi günlərində əzmlə fəaliyyət göstərən Azərbaycan mediası bundan sonra sonra daha da səylərini artırmalıdır. Biz o balansı necə qorumalıyıq?

- İndi tələb başqadır. Cənab Prezidentin də bəyan etdiyi kimi, biz bu gün Qarabağa sərmayələr cəlb etməliyik. Təkcə yerli yox, xarici investorlar cəlb etməliyik. İnvestorlara da oradakı imkanları yaxşı formada təqdim etmək lazımdır. Qarabağda isə imkanlar həddən artıq çoxdur - hər dağı, hər daşı yeni bir imkandır. Biz bir çəkilişlə deyil, sistematik formada o təqdimatları hazırlamalıyıq. Bəzən biz dövlət qurumlarından bu işin edilməsini gözləyirik. Lakin, bunu hamı etməlidir, ilk növbədə mətbuat fəal rol oynamalıdır. Bu gün Qarabağa böyük qayıdış həyata keçirilir, zamanla orada həyat qaynayacaq. Mən heç istəməzdim ki, Qarabağdan da bu gün digər bölgələrimizdən verdiyimiz kimi hansısa qəza və ya digər hadisələrlə bağlı xəbərlər üstünlük təşkil etsin. Çünki orda müasir dünyanın tələb etdiyi ekoloji baxımdan təmiz, müasir şəhərsalma prinsiplərinə əsaslanan o qədər işlər görülür, layihələr həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrində belə bəzi bizim həyata keçirdiyimiz layihələri edə bilmirlər. Biz bu işlərə "0"dan başladıq, "0"dan şəhərlər yaradırıq. Mən düşünürəm ki, bunun təbliğatı başqa formada olmalıdır.

- Belə başa düşdüm Yurd.Media təkcə Şuşada olmayacaq. İşi necə tənzimləyəcəksiz?

- Düşünürük ki, ümumiyyətlə bütün bölgələrdə olduğu kimi, eləcə də Qarabağda da biz gənclərlə işləməliyik. Oraya kifayət qədər potensiallı gənclər köçür. İstər Qarabağ Universitetinin tələbələri olsun, istər digər bölgələrə köçən gənclər Qarabağın inkişaf üçün öz töhfəsini verəcək. Onları media üçün də hazırlamaq lazımdır. Mən demirəm təkcə Yurd.Media üçün işləsinlər, sabah həmin şəxslər müxtəlif TV-lərlə də əməkdaşlıq edə bilər. Əsas odur, biz təməli elə qoyaq ki, o gənclər bilsinlər ki, bir Qarabağ sakini kimi missiyaları var. Onların missiyası Qarabağın dirçəlməsini həm ölkəyə, həm dünyaya çatdırmaqdır. Bu biraz vaxt alan məsələdir. Lakin o gəncləri öyrətmək lazımdır.

- Gənclər üçün təlimlər nə qədər çəkəcək?

- Mən düşünürəm ki, ilkin olaraq tanışlıq və ümumi təlimlər təşkil olunsun. Sonradan isə həmin gənclərlə istər onlayn, istər əyani formada təlimlər keçirilsin. Yurd.Media yarandığı ərəfədə, təxminən 3 ay ərzində bir qrup tələbə ilə Bakıda təlimlər keçdik. Artıq Yurd.Media fəaliyyətə başlayanda həmin tələbələr müəyyən səviyyədə xəbər, reportaj hazırlaya bilirdilər. Bu işi Qarabağda da həyata keçirib, bir neçə ay həmin gənclərlə çalışıb müəyyən uğurlar əldə etmək olar.