Bu ilin may ayında “Performance Center” vasitəsilə alınmış BAIC X7 markalı avtomobildə ciddi texniki nasazlıq aşkarlanıb.
Yurd.Media-ya daxil olan məlumata görə, avtomobil 1-ci sürətdən birbaşa 3-cü sürətə keçərək qəfil “boğulma” problemi yaradır, bu da həm təhlükəsizlik, həm də idarəetmə baxımından sürücünü çətin vəziyyətdə qoyur.
Şikayətçi Şümşad Əzizova bildirir ki, qaza basarkən avtomobildən boğuntu səsi gəlir və maşın normal şəkildə yerimir. Onun sözlərinə görə, avtomobilin cəmi bir neçə ay əvvəl alınmasına baxmayaraq, artıq istismar problemi yaranıb.
Sürücü məsələ ilə bağlı rəsmi servislə əlaqə saxladığını, lakin servis tərəfindən problemin "vanus" (VVT sistemindəki nasazlıq) səbəbindən yarandığının bildirildiyini deyir. Daha maraqlısı isə budur ki, ehtiyat hissəsinin gəlməsi üçün bir ay gözləmək tövsiyə olunub və “o vaxta qədər sürməyə davam edin” cavabı verilib.
Sürücü yeni maşında bu cür texniki qüsurun qəbuledilməz olduğunu deyir:
"Servis problemi etiraf etsə də, onu dərhal həll etmir. Mənim təhlükəsizliyimə kim cavabdehdir?”