SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Vergi borcu yığılan şirkəti Mərkəzi Bank da cərimələdi

Vergi borcu yığılan şirkəti Mərkəzi Bank da cərimələdi

  • 10 iyul 2026, 14:37
Gəncə

Gəncədə fəaliyyət göstərən “Yellov Fruits” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, meyvə və tərəvəzin topdan satışını həyata keçirən şirkət tərəfindən 21 min ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətinə 21108 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Müəyyən edilib ki, “Yellov Fruits” MMC tərəfindən 21108 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara “EXPORTİNGFRUİT NASHTAN NASHTAN & SABA” S.A. şirkətinin hesabına köçürülüb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Yellov Fruits” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. 

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin 20 faizi miqdarında, yəni 4 221 ABŞ dolları cərimə olunub.

Qeyd edək ki, 2023-cü ildə yaradılan “Yellov Fruits” MMC-nin nizamnamə kapitalı 10 manat, direktoru Ramiz İsgəndərovdur. Hazırda şirkətin 13 400 manat vergi borcu yığılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları