Gəncə Şəhər Icra Hakimiyyəti Başçısı aparatının Sosial-İqtisadi və Memarlıq-Tikinti məsələləri şöbəsinin Memarlıq-Tikinti məsələləri sektoru tərəfindən vətəndaşı cərimə etməsi ilə bağlı məhkəmə iddiası qaldırılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Kəmaləddin Quliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə protokollar tərtib edilib.
İki protokola əsasən hər biri 1000 manat olmaqla 2 min manat cərimə edilib.
Belə ki, vətəndaşın iki ünvanda tikinti aparması icra hakimiyyəti tərəfindən qanunsuz hesab edilib.
Vətəndaş bununla bağlı Gəncə şəhər Məhkəməsinə müraciət edib və icra hakimiyyətinin protokolunun qanunsuz olmasını iddia edib.
Şikayətdə qeyd olunub ki, daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən tikinti aparılan ərazilər xüsusi mülkiyyətçiyə məxsusdur və tikinti işlərin aparılması barədə Gəncə şəhər İcra Hakimiyyəti məlumatlandırılıb.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Gəncə şəhər Icra Hakimiyyəti başçısı aparatının Memarlıq-Tikinti məsələləri sektorunun böyük məsləhətçisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Bu qərardan narazı qalan Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi şikayət versə də, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.