"WhatsApp" istifadəçiləri yaxın vaxtlarda telefon nömrəsini paylaşmadan yazışa biləcəklər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yanlış seçilən istifadəçi adı şəxsi məlumatların qorunması baxımından ciddi risklər yarada bilər.
Yurd.Media xəbər verir kiI, "WhatsApp"da istifadəçilərə telefon nömrəsini açıqlamadan yeni insanlarla ünsiyyət qurmağa imkan verən unikal "@username" formatlı istifadəçi adları funksiyası istifadəyə verilib. Lakin kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, istifadəçi adının düzgün seçilməməsi yeni funksiyanın məxfilik üstünlüklərini aradan qaldıra bilər. Bir çox istifadəçi "Meta" şirkətinin digər xidmətlərində, məsələn, "Instagram" və ya "Facebook" platformalarında istifadə etdiyi eyni ləqəbi seçmək istəyəcək. Lakin məhz bu, problem yarada bilər. Əgər "WhatsApp" hesabı "Meta" Hesablar Mərkəzinə bağlanarsa və artıq istifadə olunan eyni ləqəbdən yararlanılarsa, kibercinayətkarlar və digər istifadəçilər müxtəlif "Meta" xidmətlərindəki profilləri bir-biri ilə daha asan əlaqələndirə bilərlər. Nəticədə rəqəmsal fəaliyyətin izlənilməsi riski artır və hesab sahibinin şəxsi məlumatlarının tapılması asanlaşır. Buna görə də ekspertlər "WhatsApp"da digər sosial şəbəkələrdə istifadə olunan eyni ləqəbdən istifadə etməyi məsləhət görmürlər. Bunun əvəzinə, ictimai hesablarla əlaqəsi olmayan ayrıca və unikal istifadəçi adı yaratmaq daha təhlükəsiz hesab olunur. Mütəxəssislər həmçinin həqiqi ad, soyad, doğum tarixi və ya asanlıqla təxmin edilə bilən digər məlumatları ehtiva edən istifadəçi adlarından uzaq durmağı tövsiyə edirlər.