Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Tovuzda ananın körpəsini ataraq getməsi ilə bağlı məlumat yayıb.
Agentlikdən Yurd.Media-ya bildirilib ki, Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunub:
“Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, - deyə agentlikdən bildirilib.
