Taksi sifarişinin sürücü tərəfindən qəbul edildikdən sonra ləğv etdirilməsi Bakıda sərnişinlərin tez-tez qarşılaşdığı problemlərdən birinə çevrilib. Sürücünün sonradan səfərdən imtina etməsi həm sərnişinin vaxt itkisinə, həm də yeni taksi axtarmaq məcburiyyətinə səbəb olur.
Bəs bu zaman məsuliyyət kimin üzərinə düşməlidir?
Yurd.Media-nın araşdırmasına görə "Bolt", "Uber", "Yango" kimi taksi tətbiqlərində oxşar hallara rast gəlinir. Sürücü sifarişi qəbul edir, lakin üstündən cəmi bir-iki dəqiqə keçdikdən sonra tətbiqin çat bölməsindən sərnişinə yazır və ya zəng edərək “gələ bilmirəm”, “sifarişdən imtina et”, “uzaqdayam” kimi müraciətlər edir.
Sürücü sifarişi niyə qəbul edir?
Sürücü sifarişi qəbul etdiyi anda onun qarşısında müəyyən məlumatların olduğu məlumdur. Ən azı sifarişin götürüləcəyi istiqamət və səfərin ümumi şərtləri sürücünün sifarişi qəbul edib-etməməsi qərarında rol oynayır.
Əgər sürücü sifarişi qəbul etdikdən bir neçə dəqiqə sonra həmin ünvana gedə bilməyəcəyini anlayırsa, ortaya məntiqli sual çıxır:
Sürücü sifarişi qəbul etməzdən əvvəl bu səfəri həyata keçirə biləcəyini niyə nəzərə almır?
Daha da vacibi, sürücü sifarişi qəbul edərkən səfərin məsafəsini və istiqamətini görürsə, lakin sonradan sərnişindən imtina etməsini istəyirsə, bu davranışın məsuliyyəti niyə sərnişinin üzərinə düşməlidir?
Təbii ki, sürücünün sifarişi qəbul etdikdən sonra gözlənilməz texniki, şəxsi və ya digər probleminin yaranması mümkündür. Lakin söhbət bu cür halların sistemli şəkildə təkrarlanmasından gedirsə, artıq məsələ ayrı-ayrı sürücülərin davranışından daha geniş problemə çevrilir.