Vəkil İlhamə Həsənova məhkəmə iclaslarının təyin olunan vaxtda keçirilməsi məsələsinə diqqət çəkib.
Yurd.Media xəbər verir ki, vəkil sosial şəbəkə hesabında paylaşdığı yazıda məhkəmə iclaslarının gecikdirilməsinin vəkillərin digər məhkəmə proseslərinə çatmasına mane ola biləcəyini bildirib:
"Məhkəmə iclası saat 14:10-a təyin olunub.
Vəkil 14:10-da — dəqiq vaxtında məhkəmə zalındadır.
Hakim həmin vaxt başqa işə baxır. İclas 14:30-da bitir. Hakim otağına qalxır və bildirir: “Gözləyin, gələcəyəm.”
Vəkil gözləyir…Məlum olur ki hakim nahara çıxıb.
Amma vəkil saat 15:40-da başqa məhkəmə iclasında olmalıdır. Orada da onu gözləyən məhkəmə, iş və hüquqlarını müdafiə etdiyi insan var".
Vəkil İlhamə HəsənovaO, vəkillərdən məhkəmə iclaslarına vaxtında gəlməyin tələb edilməsinin haqlı olduğunu, lakin qarşılıqlı olaraq məhkəmələrin də vəkillərin vaxtına hörmət etməsinin vacib olduğunu vurğulayıb.
Vəkilin fikrincə, vəkillərin də eyni gündə müxtəlif məhkəmə proseslərində iştirak etmək, hüquqlarını müdafiə etdikləri şəxslər qarşısında məsuliyyət daşımaq kimi öhdəlikləri var.
İlhamə Həsənova vurğulayıb ki, ədalət yalnız qəbul edilən qərardan deyil, məhkəmə prosesində iştirak edən tərəflərə münasibətdən və qarşılıqlı hörmətdən də başlayır.