Paytaxtın daha bir ərazisində tıxacın qarşısının alınması istiqamətində daha bir layihə icra olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, hazırda Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.
Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.
Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq. Bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.