Yenikənd su anbarı ərazisində quraşdırılan kameralar bəzi qanunsuz fəaliyyətləri üzə çıxarıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarı və ətraf ərazilərində bir sıra ekoloji qanun pozuntuları aşkar olunub.
Pozuntular bir müddət əvvəl aparılmış ekoloji monitorinq və nəzarət tədbirləri zamanı aşkar edilib.
Bildirilib ki, qeydə alınan pozuntular su anbarında və ətraf sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə nəticələnirdi.
"Yenikənd su anbarı və ətraf ərazilərində fasiləsiz müşahidələrin aparılması və operativ nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə pilot layihə çərçivəsində günəş bateriyaları ilə təchiz edilmiş onlayn rejimdə işləyən 6 ədəd kamera quraşdırılıb. Görülən tədbirlər nəticəsində ərazidə ekoloji qanunvericiliyə zidd fəaliyyətlər aradan qaldırılıb, ətraf mühitə təsir göstərən neqativ halların qarşısı alınıb. Hazırda ərazinin fasiləsiz müşahidəsi həyata keçirilir", - məlumatda deyilir.