Dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində həyata keçirilən birgə təşəbbüslər, qlobal çağırışlar fonunda dini liderlərin və qurumların əməkdaşlığının əhəmiyyəti müzakirə olunub.
Yurd.Media xəbər verir ki, Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının prefekti kardinal Con Ceykob Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşdə Azərbaycanın qlobal miqyasda dinlərarası dialoqa göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanesenin də olduğu görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olması istiqamətində ardıcıl səylər göstərir, mühüm təşəbbüslərlə çıxış edir:
"Respublikada müxtəlif dini konfessiyalara mənsub icmaların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların dini-mədəni irsinin qorunması, ibadət yerlərinin bərpası və dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir".
Ramin Məmmədov bildirib ki, birgəyaşayışın Azərbaycan modeli qarşılıqlı hörmət, bərabərhüquqluluq və inklüzivlik prinsiplərinə əsaslanır.
Kardinal Con Ceykob Kuvakad ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycanda dini müxtəlifliyin qorunması və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində görülən işləri, o cümlədən Azərbaycanın bu sahədə zəngin təcrübəsini, qlobal miqyasda dinlərarası dialoqa göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.
Müxtəlif dini konfessiya liderləri arasındakı əməkdaşlığın, dostluq münasibətlərinin nümunəvi xarakter daşıdığını deyib.
Görüşdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycanda birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filmi haqqında ətraflı məlumat verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin xarici ölkələrdə, o cümlədən Vatikanda təqdim olunması ideyası ətrafında fikir mübadiləsi aparılıb.