Yurd.Media xəbər verir ki, Bakıda məktəbdə şagirdlər arasında baş verən bıçaqlanma ilə bağlı başlanan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə 306 nömrəli məktəbin direktoru Gültəkin Ədilova şahid qismində ifadə verib.
O, bildirib ki, təqsirləndirilən S.N 9-cu sinifə qədər onun rəhbərlik etdiyi məktəbdə oxusa da, sonra 274 nömrəli məktəbdə təhsilini davam etdirib: "Təqsirləndirilən şəxs bizim məktəbdə qız istədiyi üçün tez-tez məktəbə gəlirdi. Hər dəfə o bizim məktəbə gələndə mən onun valideynlərinə dərhal məlumat verirdim və mühafizəyə tapşırırdım ki, onu məktəbdən kənarlaşdırsınlar. Hadisə olan gün isə S.N məktəbin zirzəmisindəki pəncərənin şüşəsini sındıraraq məktəbə girmişdi. Mən xəbər tutandan sonra onu dərhal məktəbdən kənarlaşdırdım. Hadisə də onlar məktəbdən çıxandan sonra yolda baş verib".
Məhkəmənin növbəti iclası avqustun 18-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 15-də qeydə alınıb. İttihama görə, 274 nömrəli məktəbin 10-cu sinif şagirdi 306 nömrəli məktəbin şagirdi ilə yaranmış mübahisə zamanı onun qardaşını bıçaqlayıb. Cinayət işi üzrə məhkəmə araşdırması davam edir.