Siyəzən Rayon Kommunal Müəssisələr Kombinatının rəhbərliyi əmək hüquqlarının pozuntusunda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kombinatın keçmiş işçisi Elşən Ağagül oğlu Məhərrəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə müraciət edib.
Məhərrəmovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri ləğv edilib, nəticəsi barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə məlumat verilməyib.
Nəticədə Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozulub. Bununla da Siyəzən Rayon Kommunal Müəssisələr Kombinatı və onun vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib və cəmiyyətə 2000 manat inzibati cərimə tətbiq edilib.
Həmçinin cəmiyyətin direktoru da həmin maddə ilə təqsirli bilinib və 1000 manat cərimələnib.
Siyəzən Rayon Kommunal Müəssisələr Kombinatına, eləcə də onun vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə bu cərimələr şərti olaraq tətbiq edilib və tərəflərdən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilə bilər.