Bayram günlərində bölgələrə səfər edən vətəndaşların sayının artması dəmir yolu nəqliyyatında da sıxlıq yaradıb. Xüsusilə Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən sərnişin sürət qatarlarına tələbatın yüksəlməsi nəticəsində bir çox sərnişin bilet tapmaqda çətinliklə üzləşir.
Məsələ ilə bağlı, Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yurd.Media-ya bildirib ki, bu cur problemlər nadir hallarda yaşanır:
"Azərbaycanda 2024-cü ilin noyabrından bəri bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarının biletləri 1 ay öncədən satışa çıxarılır. Vətəndaşlar son anda qərar verib qatarla hərəkət etmək istədikdə günün tələblərinə uyğun olaraq bilet tapmaqda çətinlik çəkməsi mümkündür. Bayram günlərində tələbat çox olduğu üçün 1 ay öncədən satışa çıxarılan biletlər artıq tam və ya çox sayda satılır. Son anda qərar verən vətəndaşların bilet tapmaması və ya məhdud halda biletlərin qalması bildirdiyim məsələləri nəzərə alsaq normal haldır" - deyə B.Hacıyev bildirib.
Qeyd edək ki, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşür, saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxır, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.